AFFA iki klubun Premyer Liqada iştirakına icazə verdi
18.06.2010 - 12:10
AFFA iki klubun Premyer Liqada iştirakına icazə verdi
“AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası bu ay baş tutmayacaq. Dəqiq tarixi hələ müəyyənləşməyən toplantı yeni çempionatın startına az qalmış keçiriləcək”. Bu fikirləri apasport.az saytının açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Mövsüm bitəndən sonra keçirilməli olan İcraiyyə Komitəsinin iclasında Unibank Premyer Liqasının yeni formatı təsdiqlənməlidir. Əslində, çempionatın gələn mövsüm də “altılıq” sistemi üzrə keçiriləcəyi məlumdur. Sadəcə, fərq “qızıl xallar”ın ləğvi, komandanların “altılığ”a ilk mərhələdə topladığı xallarla davam etməsidir. Bütün bunlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin ötən ayın sonunda aprel və mayın ən yaxşı futbolçularının mükafatlandırma mərasimində açıqlamasında məlum olmuşdu.

İndi formatın təsdiqlənməsi qalıb ki, Məmmədov komandaların sayının müəyyənləşməsini vacib sayır: “Bizim üçün əsas yeni çempionatda neçə komandanın iştirak edəcəyini dəqiqləşdirmək idi. Artıq məlumdur ki, gələn mövsüm də Premyer Liqada 12 komanda mübarizə aparacaq. Birinci diviziondan gələn “Gəncə” və MOİK lisenziyalaşdırmadan keçib və bu klublar güclülər dəstəsində oynamaq hüququna malikdir. Çempionatı keçirən Peşəkar Futbol Liqası yeni mövsümlə bağlı məsələləri yazılı şəkildə İcraiyyə Komitəsinə təqdim edəcək və müvafiq qərarlar qəbul olunacaq. Bütün bunlar isə çempionatın startı ərəfəsində reallaşacaq”.

Qeyd edək ki, növbəti çempionatın avqustun ilk günlərində keçirilməsi planlaşdırılıb.

Mehman SÜLEYMANOV