Azərbaycan çempionu üçün 3 legioner
18.06.2010 - 12:22
Azərbaycan çempionu üçün 3 legioner
“Hazırda komandanın düşərgəsində baxışa dəvət etdiyimiz 3 legioner var. Ancaq nə ad açıqlayacağam, nə də hansı ölkədən gəldiklərini deyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib.

Təlim-məşq toplanışını Bolqarıstanda davam etdirən və ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “İnter” heyətini gücləndirmək niyyətindədir. Paytaxt təmsilçisi bu məqsədlə bir neçə əcnəbi futbolçunu baxışa dəvət edib. Lakin İsmayılov klubla müqavilə bağlayana qədər həmin oyunçular haqqında geniş açıqlama vermək istəmir: “Onları bu gün keçirəcəyimiz yoxlama oyununda baş məşqçi sınayacaq. Qərarı da o verəcək. Bəlkə super çıxış etdilər və çalışdırıcı dərhal müqavilə bağlanmasını istədi. Hadisələr əksinə də cərəyan edə bilər”.

Qeyd edək ki, iyunun 21-də Çempionlar Liqasının və Avropa Liqasının püşkü atılacaq. “İnter”i püşkatma mərasimində Kamran İsmayılov təmsil edəcək. Halbuki əvvəlcə prezidentin də adıçəkilən mərasimə qatılacağı gözlənilirdi.