Antirekordun astanasında
24.06.2010 - 10:50
Antirekordun astanasında
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” tarixinin ən ağır məğlubiyyətlərindən biri ilə üzləşdi. Apasport.az saytının məlumatına görə, Avstriyanın “Mattersburq” klubu ilə görüşən Ağasəlim Mircavadovun komandası 2:6 hesabı ilə məğlub oldu.

Əsası 2004-cü ildə qoyulan cənub təmsilçisinin tarixi üçün 4 top fərqi ilə uduzmaq nadir hadisədir. Rəsmi oyunlarda ən pis halda 3 top fərqi ilə uduzan “Xəzər-Lənkəran” ölkə kubokunda “Karvan” 0:3 (2005/06), UEFA kubokunda isə Polşanın “Lex” klubuna 1:4 (2008/09) hesabı ilə məğlub olmuşdu.

“Xəzər-Lənkəran”ın 4 və daha çox top fərqi ilə yenildiyi bütün matçlar isə yoldaşlıq matçlarına təsadüf edib. Ən ağır məğlubiyyət 2007-ci ilin yayında qeydə alınıb. Həmin vaxt Rumıniyanın “Politexnika” (Timişoara) klubu cənubluların məyus etmişdi – 6:1.

Təmsilçimiz daha bir dəfə ağır məğlubiyyətə uğrayıb. Bu Türkiyənin “Beşiktaş” komandası ilə qarşılaşmaya təsadüf edib. 2008-ci ilin avqustunda baş tutan bu matçda istanbullular 4:0 hesabı ilə qalib gəlmişdi.