Elvin Əliyev: Burda can qoyub, Avropada oynamayacağıma üzülürəm
24.06.2010 - 13:01
Elvin Əliyev: Burda can qoyub, Avropada oynamayacağıma üzülürəm
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Bakı” itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi kapitanı Elvin Əliyevin xidmətindən məhrum olub.

Müdafiəçinin Avropa Liqasının oyunlarına qədər sağalacağı gözlənilirdi. Son müayinədən sonra isə Əliyevin ayaq sümüyündə sınıq aşkarlanıb: “Həkim müayinəsindən sonra hər şeyin gözləniləndən daha ciddi olduğu meydana çıxdı. Rəyə görə, ən azından bir ay məşq edə bilməyəcəyəm. Bu isə Avropa Liqasının ən azından bir mərhələsini kənardan izləmək anlamına gəlir. Nə edək? Taleyimizlə barışmalıyıq”.

Analoji hadisə Elvin üçün ötən il də baş vermişdi. Belə ki, zədələndiyindən Çempionlar Liqasının oyunlarında meydançaya çıxmamışdı: “Həqiqətən də, bu çox ürəkağrıdıcı faktdır. Çempionatda can qoyub, Avropada oynamayacağıma üzülürəm. Amma eybi yox. Əsas komandanın uğurudur. “Bakı” hələ çox mərhələ keçəcək və mənim də oynamaq imkanım olacaq”.

Qeyd edək ki, Avropa Liqasına II mərhələdən başlayacaq “Bakı” Çernoqoriyanın vitse-çempionu “Buduşnost” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 15-də Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.