FANTASTİKA: 90 dəqiqədə qapıya 45 zərbə!
24.06.2010 - 14:08
FANTASTİKA: 90 dəqiqədə qapıya 45 zərbə!
Dünya çempionatının seçmə mərhələsində 6-cı oyununu keçirən qadınlardan ibarət Azərbaycan milli komandası tarixinin ən ağır məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, qrup lideri İsveçlə qarşılaşan Şamil Heydərovun yetirmələri 17 cavabsız qol buraxmaqla, bir neçə antirekord müəyyənləşdirib.

Bu, Azərbaycan futbolunun tarixində ikinci acınacaqlı darmadağındır. Yalnız 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində daha biabırçı hesabla uduzmuşuq. Danimarka yığması 2004/05 mövsümündə Boris Tibilovun yetirmələrini 20 qola “qonaq etmişdi”.

Futbol tarixində nadir hadisələrdən biri də iki avtoqolun qeydə alınması olub. Pərvanə Mirzəquliyeva hesabı açmaqla darmadağının əsasını qoyub, Könül Əsədova isə ikinci “qolumuzu” vurub. Bir komandanın iki dəfə öz qapısına qol vurmasına isə hər gün təsadüf olunmur.

Daha bir məqam isə İsveç yığmasının 90 dəqiqə ərzində qapımıza 45 zərbə endirməsidir. İki dəqiqədən bir zərbə vurmaq heç Braziliya və Argentina kimi hücum futbolu oynayan nəhənglərə də qismət olmur. Bu 45 zərbədən 27-si çərçivəyə, 15-i isə tora düşüb. Daha iki qolu izə futbolçularımızın zərbələri gerçəkləşdirib.

İyunun 19-da Belçika ilə səfərdə keçirilən matçı da nəzərə alsaq, Şamil Heydərovun komandası 5 günə 28 qol buraxıb. Bakıdakı 4 görüşdə 9 dəfə buna üzülən futbolçularımız qrupun ən zəif müdafiəsinə malikdir. Avropa zonasının VIII seçmə qrupunda vurulan 68 qoldan 37-si məhz bizim qapıya vurulub. Digər 4 yığma isə üst-üstə 31 dəfə qapısına qol görüb.