Tuyqun Nadirov: Baxışa gələnlər “Xəzər-Lənkəran”a yaramadılar
24.06.2010 - 14:55
Tuyqun Nadirov: Baxışa gələnlər “Xəzər-Lənkəran”a yaramadılar
“Komandamız Almaniyadakı təlim-məşq toplanışını başa vurur. Dünən son yoxlama oyununu keçiriblər. Uduzsalar da, qarşılaşmanı izləyənlərin dediyinə görə, yaxşı oynayıblar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Nadirov iyulun 1-də start götürəcək Avropa Liqasının oyunlarına hazırlığın plana uyğun getdiyini bildirib: “Düşərgədə əhval-ruhiyyə də yaxşıdır. Sabah Münhen-Kişinyov reysi ilə Moldovaya yollanacaqlar. “Olimpiya” ilə görüşün son hazırlıqları da orada keçiriləcək”.

Vitse-prezident, həmçinin qeyd edib ki, Moldovanın “Olimpiya” klubu ilə Kişinyovda keçiriləcək ilk oyun ərəfəsində baxışa dəvət olunan legionerlər komandaya yaramayıblar: “Moldovaya gedən heyətdə hər hansı dəyişiklik yoxdur. Belə ki, baxışda olan futbolçuların heç biri komandada saxlanılmayıb. Almaniyadakı toplanışda braziliyalı yarımmüdafiəçi və Hollandiyadan olan bir futbolçu sınaqdan keçdi. Onlar məşqçilər tərəfindən bəyənilmədiyindən geri qaytarıldı. Bundan sonra baxışa futbolçuların gəlib-gəlməyəcəyi isə məşqçilərdən asılıdır”.