“Bakı”nın oyun planında dəyişikliklər olacaq” - MÜSAHİBƏ
25.06.2010 - 23:02
“Bakı”nın oyun planında dəyişikliklər olacaq” - MÜSAHİBƏ
“Bakı” klubunun baş məşqçisi Vinfred Şaferin apasport.az saytına müsahibəsi

- “Bakı” Avropa Liqasında qrup mərhələsinə düşmək istəyir. Siz komandanın bu məqsədinə çatacağına inanırsınız?
- Bura gəlməkdə məqsədimiz odur ki, “Bakı”nı layiq olduğu yerlərə yüksəldək. Düzdür, bu elə də asan deyil. Çünki Avropa Liqasında mübarizə aparan bütün komandalar bizim kimi uğur qazanmaq istəyir. Futbolçular məşqlərdə özünü yaxşı tərəfdən göstərirlər. İnanıram ki, Almaniyada iki həftəlik təlim-məşq toplanışında da futbolçular eyni səviyyədə hazırlıq keçəcəklər. Yaxşı məşq keçəcəyimiz halda məqsədimizə nail olacağımıza inanıram.

- Kolumbiyadan gələn yeni oyunçu haqda nə deyə bilərsiniz?
- Oyunçu haqda məlumatım var. Onun haqda kifayət qədər xoş sözlər eşitmişəm. O komandanın Almaniyadakı təlim-məşq toplanışına qoşulacaq. Almaniyadakı təlim-məşq toplanışında onun çıxışını, nəyə qadir olduğunu daha yaxından izləyəcəyəm. Məhz baxışdan keçdikdən sonra onun haqda dəqiq qiymət verə bilərəm. İnanıram ki, onun bizə faydası olacaq və avrokubolarda uğur qazanmağımızda öz köməkliyini göstərəcək.

- Hansı cəhətlərinə görə “Bakı”nın təklifini qəbul edib, Azərbaycanda işləməyə razılıq verdiniz?
- İki həftədən bundan əvvəl Bakıya gəldim. İlk görüşümüz tanışlıq xarakteri daşıyırdı. Klubun prezidenti Hafiz Məmmədovla danışığımız oldu. Onunla geniş fikir mübadiləsi apardıq. Onun ideyaları çox xoşuma gəldi. Futbol üçün gördüyü işlərlə tanış oldum. Komandanın qarşısına qoyduğu məqsədlərlə tanış oldum. Bütün bunlar mənə maraqlı gəldi. Eyni zamanda, komandanın şəraitini çox bəyəndim. Burada futbolçular üçün, komandanın yaxşı hazırlıq keçməsi üçün ideal şərait var. Hələ Azərbaycana gəlməmişdən bir neçə gün qabaq, internet vasitəsilə klub haqda məlumat toplamışdım. Komandanın heyəti, şəraiti, qazandığı uğurlar barədə araşdırma aparmışdım. Yəni bura gəlməzdən əvvəl “Bakı” haqda kifayət qədər məlumatım var idi. Buraya gəldikdən sonra isə futbolçularla, baza ilə yaxından tanış oldum. Daha sonra klubun prezidenti Hafiz Məmmədovla geniş söhbətimiz oldu. Hafiz müəllimlə “Bakı” haqda və futbolla bağlı fikir mübadiləsi apardıq. Məhz o söhbətdən sonra “Bakı”nın baş məşqçisi olmağa razılıq verdim. Komandada hamı bir ailə kimidir. Uğur qazanmaq üçün hamı birgə çalışmalıdır. İnanıram ki, bir-birimizə dəstək olduğumuz halda istədiyimiz uğuru qazanacağıq. Komanda artıq 9 gündür rəhbərliyim altında məşq edir. Futbolçuların məşqlərdəki canfəşanlığı məni qane edir. Biz qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün daha çox çalışmalıyıq. Ötən ilkindən də çox çalışmalıyıq ki, nəticəmizi daha da yaxşılaşdıraq. Bildiyiniz kimi, əsas məqsədimiz avrokuboklarda uğur qazanmaqdır. Eyni zamanda, heyətimizə yeni oyunçular qatılıb. Toqo millisinin müdafiəçisi Dari Enbomanı, braziliyalı Junioru transfer etmişik. Həmçinin kolumbiyalı oyunçu haqda məlumatım var. Kamerun milli komandasının üzvlərindən biri sabah komandanın düşərgəsinə qoşulacaq. İnanıram ki, bu oyunçular komandanım gücünə güc qatacaqlar. Komandamızın digər yeni transferi gənc Emin Cəfərquliyevi də bəyənirəm. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir.

- Artıq bir neçə gündür komanda ilə birlikdəsiniz. Maraqlıdır, müşahidənizə əsasən komandanın hansı mövqe sizi narahat edir? Nə kimi çatışmazlıqlar var?
- Komandanın ötən mövsüm keçirdiyi oyunların lent yazısını izləmişəm. Təbii ki, çatışmayan cəhətlər var. Biz də məhz bunun üzərində çalışırıq. Komandanın fiziki hazırlığını yüksəltməliyik. Eyni zamanda, oyun planında dəyişikliklər olacaq. Misal üçün, komanda əvvəl olduğu kimi bəstəboy Jabaya uzun ötürmələr üzərində oyun qurmamalıdır. Daha çox yerlə qısa ötürmələrlə oyuna üstünlük verməlidir.