“Bakı” üçün 3 Almaniya klubu
25.06.2010 - 23:04
“Bakı” üçün 3 Almaniya klubu
Bir müddətdir "Bakı"ya rəhbərlik edən Vinfred Şafer paytaxt klubu ilə münasibətlərini rəsmiləşdirdi. Apasport.az saytının xəbərinə görə, ölkə kubokunun son sahibi dünən alman mütəxəssislə rəsmi müqavilə imzaladı. Yeni anlaşmaya əsasən Şafer qarşıdakı iki ildə "Bakı"ya rəhbərlik edəcək. Müqavilənin Şaferlə "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov imzalayıb.

"Bakı" Avropa Liqasının II təsnifat mərhələsinə hazırlıq üçün təlim-məşq toplanışını davam etdirmək üçün Almaniyaya bu gün yola düşəcək. İyulun 9-dək davam edəcək toplanışda "Bakı" üç yoxlama oyununda qüvvəsini sınayacaq. Şafer komandasını həmyerliləri ilə oyunda sınayacaq. Belə ki, "Bakı" ilk oyunda adı hələ dəqiqləşməyən 3-cü bundesliqa təmsilçisi ilə qarşılaşacaq. Ardınca "Koblents"la üz-üzə gələcək paytaxt klubu son oyunda bundesliqada çıxış edən "Köln"lə yoxlama oyunu keçirəcək.

Bu arada komanda heyətini gücləndirməkdə davam edir. Şafer jurnalistlərlə söhbətində Braziliyanın "Qremio" klubundan Cefferson soyadlı futbolçunu transfer etdiklərini bildirib. Almaniyalı mütəxəssis yarımmüdafiəçi olan Ceffersonun komandaya faydaya verəcəyinə əmin olduğunu söyləyib.