“Bəyəndiyim xanım özünü dağın başına qoyub”
26.06.2010 - 23:01
“Bəyəndiyim xanım özünü dağın başına qoyub”
“Bakı” klubunun futbolçusu Elvin Əliyevin apasport.az saytına müsahibəsi

- Zədəli olduğunuz üçün məşq etmirsiniz. Bu çətin günlərdə sizi axtarıb, arayan varmı?
- Əlbəttə, kimin xəbəri varsa, əlaqə saxlayır. Bəziləri bilmir. Məşqdə olmadığımı görəndə əlaqə saxlayıb, maraqlanırlar. Hər gün bazaya baş çəkirəm, həm uşaqlarla görüşürəm, həm də müalicəmi davam etdirirəm.

- Futbolçu üçün zədə nə deməkdir?
- Çox pis haldır. Heç düşmənimə də arzulamıram. Ötən il də bu aqibəti yaşadım. Dabanımda zədə olduğu üçün avrokuboklarda komanda yoldaşlarıma kömək edə bilmədim. Yenə tarix təkrarlanır. Əsas odur sonluq yaxşı alınsın. Ötən yay çempionluğu, bu il isə ölkə kubokunu qazandıq. Bundan sonrası özümdən asılıdır.

- Deyirlər ki, futbol da bir elmdir. Bununla razısınızmı?
- Kənardan baxanda çox sadə görünür. Ancaq meydanda olanda, fərqli hisslər keçirirsən. Gərək psixoloji cəhətdən tam hazır olasan, oyun ərzində əsəblərinə hakim kəsiləsən. Fiziki gücün olmalıdır ki, sonadək çatdırasan. Kənardan mənə də asan gəlir. Ancaq dərinliyinə varanda, görürsən ki, həqiqətən də futbol da bir elmdir.

- Mövsüm bitdikdən sonra normal dincələ bildinizmi?
- Çempionat başa çatdıqdan sonra ayağımda şiddətli ağrılar var idi. Həkimlər bunun yorğunluqdan ola biləcəyini istisna etmədilər və bir qədər dincəlməyi məsləhət gördülər. Bunu nəzərə alıb, yaxşı dincəldim. Ancaq istirahət vaxtı da ayağımdakı ağrılar kəsmirdi. Sonra həkim yoxladı. Məlum oldu ki, topuğumda çat əmələ gəlib.

- Deyəsən, dincəlmək üçün ölkə xaricinə üz tutmuşdunuz?
- Antalyaya getmişdim. Ailəmlə birgə 10 gün orada qaldıq.

- Yəqin əyləncə mərkəzlərinə də baş çəkmisiniz...
- Bilirsiniz, evdə tək oturmağı xoşlamıram. Darıxanda ailəmin-anamın, atamın yanında olmaq istəyirəm. Həyətimizdə yaxşı gül bağı salmışıq. Onlara qulluq edirəm. Ya da dost-tanışla oturub kabab çəkirik və ya maraqlı nəsə təşkil edirik. Həvəsimiz olanda dəniz kənarında çay içməyə gedirik. Əyləncə mərkəzlərinə tez-tez getməyi xoşlamıram. İndi əksər futbolçularımız bu sözü deyir. Onların nə dərəcədə səmimi olduqlarını deyə bilmərəm. Amma mən getmirəm. Yalnız Antalyada olanda diskotekaya getdim.

- Qızlar çox idimi?
- Qız hər yerdə var. Təbii ki, diskotekada da çox idi.

- Subaysınız. Münasibət qurduğunuz xanım varmı?
- Xoşuma gələn xanım var, o da hələ naz eləyir. Hələ münasibət qurmamışıq. Necə olacağını deyə bilmərəm. Ancaq mənim ondan xoşum gəlir.

- Bakıda yaşayır?
- Bəli.

- Heç görüşmüsünüz?
- Hələ yox.

- Niyə, problem nədir?
- Özünü dağın başına qoyub.

- Bəlkə hansısa şərtləri var?
- Şərti yoxdur, sadəcə, hələ razılıq vermir.

- İnternetdə necə, çoxmu vaxt keçirirsiniz?
- Əvvəllər tez-tez dost-tanışla yazışırdım. İndi darıxıram. Hərdən 1-2 dəqiqə sərf edib poçtamı yoxlayıram.

- İnternetdə tanış olmaq üçün imkanlar genişdir...
- Darıxıram. İnternetdə ürəyim partlayır.

- Dediniz ki, bəzi futbolçular əyləncə mərkəzlərinə getsələr də, bunu danırlar. Niyə?
- Onların müsahiblərini mən də oxuyuram. Deyirlər ki, getmirik. Mən də onların fikrinə hörmətlə yanaşıram. Yəqin getmirlər ki, belə cavab verirlər.

- Sizin getməməyinizdə səbəb nədir?
- Xarakterimə uyğun gəlmir. Nə spirtli içkidən istifadə edirəm, nə də siqaret çəkirəm. Ona görə də ürəyim istəmir. Gecələr, sakitçilik olan vaxt hərdən Milli Parkda gəzə bilərəm.

- Adətən gənclər tellərinə sığal verməyi xoşlayırlar. Ancaq siz tez-tez saçınızı qırxdırırsınız. Bu nə ilə bağlıdır?
- Bəyənən belə də bəyənəcək. Əvvəllər saçım uzun idi, çiynimə qədər düşürdü. Onda Vaqif Sadıqov U-21-in baş məşqçisi idi, məni də yığmaya çağırırdı. Sonra hərbi xidmətlə əlaqədar MOİK-ə keçdim. O vaxtdan başladım saçımı qırxdırmağa. Belə daha rahatam.

- Buna görə sizinlə zarafat edən olurmu?
- Olur, uşaqlar keçəl olduğuma görə mənə “kələş” deyirlər. İndi daha yaxşıdır.

- Bəlkə xoşunuz gələn xanım keçəl olduğunuza görə sizi bəyənmir?
- Bu haqda danışmamışıq. Özü bilər. Keçələm, saçımı uzatmaq fikrində də deyiləm.

- Dostlarınızla tez-tez görüşürsünüz?
- Dost, ağır söhbətdir. Həyatda cəmi bir dostum var. Futbol yoldaşlarım, tanışlarım, qohumlarım çoxdur. Dostunu seçmək üçün gərək illərlə həmin adamla yoldaşlıq edəsən. Ancaq dost dediyim adan hər zaman yolumda ürəyini verməyə hazırdır.

- Bəs subaylığın daşını nə vaxt atmağı düşünürsünüz?
- Nə bilim, futbolçunun bütün diqqəti təlim-məşq toplanışlarına və oyunlara yönəlir. İstədiyin adamı tapmaq üçün vaxt olmur. Qismət nə vaxt olsa, onda da subaylığın daşını atacağam.

- Azarkeşlərlə münasibətləriniz necədir?
- Pis deyil. Amma söyənlər də az olmayıb. Xüsusilə, “Xəzər-Lənkəran”ın meydanında tez-tez bu halla üzləşirəm. Səbəbinə gəlincə, onlarla kubok oyunlarının birində məğlub olurduq. Futbolçulardan biri yerə yıxıldı. Kramarenko topu auta atmaq istəyərkən, topun meydandan çıxmasına imkan vermədim. Sona yaxın hesabı bərabərləşdirdik və mərhələ adladıq. Bu oyun azarkeşlərin qəzəbinə səbəb oldu. İndi Lənkəranda meydana çıxanda məni söyürlər.