“Altay”a gedən futbolçumuz oteldə yaşayır
26.06.2010 - 13:15
“Altay”a gedən futbolçumuz oteldə yaşayır
“Altay” və “Bakı” klubları arasında danışıqlar yekunlaşdıqdan sonra Türkiyəyə yollanmışam. Yorğunluq olsa da, yeni komandamın bir neçə məşqinə qatılmışam. Klubun hazırlıq keçdiyi meydançanın yaxınlığında yerləşən oteldə qalıram. Yeni mühitə düşməyimə baxmayaraq, sıxılmıram. İşlərim qaydasındadır”. Bu sözləri apasport.az saytına açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Rəhman Hacıyev deyib.

Hacıyev “Bakı”nın sabiq baş məşqçisi Cüneyt Biçərin köməkliyi nəticəsində anlaşdığı “Altay” klubu ilə yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq: “Mən burada baxışdan keçmirəm. Bildiyiniz kimi, Cüneyt Biçər oyun disklərimi "Altay"ın baş məşqçisinə təqdim edib və ondan müsbət rəy alıb. Sadəcə, Biçər bir neçə məsələni yoluna qoymaqla məşğul olduğu üçün, hələ ki, rəsmi müqavilə bağlamamışıq. Yaxın gələcəkdə bütün məsələlər həllini tapacaq. Hələlik qeyri-müəyyənlik davam edir”.

Qeyd edək ki, Cüneyt Biçər "Bakı" klubunun baş məşqçisi postundan uzaqlaşdırıldıqdan sonra Bank Asiya liqasında çıxış edən “Altay” komandasının köməkçi məşqçisi təyin olunub.