“Onlar mənə müqavilə təklif etsə də, Türkiyəyə getmək istəyirəm”
26.06.2010 - 15:02
“Onlar mənə müqavilə təklif etsə də, Türkiyəyə getmək istəyirəm”
“Qyoko Hacıyevskinin “Simurq”a baş məşqçi təyin olunması lap yerinə düşdü. Makedoniyalı mütəxəssis gəldikdən sonra komanda hazırlıqlarını bərpa etdi. Uzun müddətdir məşq etməyən futbolçu üçün bundan yaxşı nə ola bilər? Hazırda komanda ilə birgə məşqlərə qatılıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun futbolçusu Elşən Məmmədov bildirib.

Zaqatala təmsilçisinin 29 yaşlı hücumçusu komandanın yeni baş məşqçisi Qyoko Hacıyevski ilə söhbət etdiklərini də açıqlayıb: "Hacıyevski gələcəyin komandasını qurur. Söhbət zamanı məni tanıdığını bildirdi. Dedi ki, "Bakı"da işlədiyim vaxt sən bizə qarşı hər zaman yaxşı çıxış etmisən".

Məmmədov kapitanı olduğu komandasında suallara aydınlıq gəlsə də, Türkiyəyə yollanmaq arzusunun ikinci plana keçmədiyini söyləyib: "Onlar mənə müqavilə təklif etsə də, Türkiyəyə getmək arzusunda olduğumu bildirmişəm. Hacıyevski bu qərarımı alqışladı. Bildirdi ki, legioner həyatı yaşamaqla daha çox şey qazanmaq şansım var. İnşallah, iyunun 30-dək Türkiyənin Bank Asiya liqasının bir neçə klubunda baxışdan keçəcəyəm".