Vaqif Cavadov “Tvente”nin əsas heyətində qol hesabını açdı
26.06.2010 - 21:54
Vaqif Cavadov “Tvente”nin əsas heyətində qol hesabını açdı
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçumuz nəhayət ki, Hollandiya çempionunun əsas heyətində meydana çıxıb.

Yanvarda yollandığı Enshede təmsilçisinin ehtiyat oyunçular skamyasında yarım il keçirən Cavadov komandasının “Hengelo” ilə görüşündə meydana çıxıb. Bu oyunda “Tvente” qol şousu göstərərək, 17:0 hesabı ilə qalib gəlib.

Özünü yeni baş məşqçi Mişel Pryudoma yaxşı tərəfdən göstərməyə çalışan futbolçumuz bu işin öhdəsindən layiqincə gəlib. Vaqif əsas heyətdəki ilk matçındaca qol hesabını açıb. O, 41-ci dəqiqədə komandasının 5-ci, 52-ci dəqiqədə isə 8-ci qolunu vurub. Cavadovla yanaşı, onun komanda yoldaşlarından Yanko 4, Duqlas, de Yonq, Reymerink hərəyə 2 qol, Leugers, Kastrati, Pennanen, Bayrami və Berqhuis isə 1 qol vurublar.

Qeyd edək ki, Vaqif kimi, Mark Yanko və Emil Bayrami də “Tvente”də ilk matçına çıxıblar. Lakin həmyerlimizdən fərqli, onlar yanvarda deyil, bu ay transfer olunublar.