“Xəzər-Lənkəran” italiyalı super ulduzun planını pozdu
26.06.2010 - 23:19
“Xəzər-Lənkəran” italiyalı super ulduzun planını pozdu
Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Olimpiya” klubu ilə qarşılaşacaq “Xəzər-Lənkəran” məşhur italiyalı müğənni Toto Kutunyonun planlarını pozub. Apasport.az saytının məlumatına görə, dünya şöhrətli super ulduzun “Zimbru” stadionundakı konserti təxirə salınıb.

Buna “Xəzər-Lənkəran”ın indidən oyunun keçiriləcəyi Kişinyovda hazırlıqlara başlaması səbəb olub. Konsertin baş tutacağı halda, təmsilçimizin məşqlərindən biri təxirə salınmalı idi. Üstəlik, “Zimbru” rəhbərliyinin qənaətinə görə, gec saatlarında baş tutacaq tədbirin səs-küyü lənkəranlıların istirahətinə poza bilərdi. Onlar da konsertin təşkilatçılarına “yox” demək qərarına gəliblər.

“Zimbru”nun idman direktoru Georgi Juravel buna belə izah tapıb: “Avropa Liqasının oyunu ərəfəsində ot örtüyünün korlanmasını istəmirik”.

İki həftədir Moldovada anons olunan konsertin harada və necə baş tutacağı bilinmir. 50-300 avro dəyərində olan biletləri alan minlərlə Kutunyo pərəstişkarları, həmçinin artıq Moldovada olan müğənni və onu müşayiət edən qrup baş verənlərdən şoka düşüblər.

Konserti xilas etməyə çalışıb təşkilatçılar tədbir üçün yeni məkan axtarışlarını davam etdirirlər. Onlar Kişinyov meydanını buna münasib saysalar da, ora yaxın ərazi də azarkeşlər tərəfindən “zəbt olunub”. Belə ki, həmin meydana birləşik olan Milli Operada dünya çempionatının oyunlarını izləmək istəyənlər üçün nəhəng ekran quraşdırılıb.