Azərbaycan yığmasının planları açıqlandı
29.06.2010 - 13:01
Azərbaycan yığmasının planları açıqlandı
“Təlim-məşq toplanışında əsas məqsəd dəvət etdiyim 33 futbolçudan 23 nəfər tam hazır olanını seçərək, Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlaşmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Adil Şükürov deyib.

33 yaşlı çalışdırıcı yığmamızın hazırlıq planlarını açıqlayıb: “Bu məşq prosesində əsasən fiziki hazırlıq üzərində çalışacağıq. Uşaqların fiziki və funksional hazırlıqlarının hansı səviyyədə olmasını nəzərdən keçirəcəyik. İyulun 18-dən 21-dək təşkil olunacaq qısa təlim-məşq toplanışında 2 yoxlama görüşü keçirəcəyik. Sonra isə Avstriyaya, təlim-məşq toplanışına yollanacağıq”.

Şükürov qarşıdakı beynəlxalq turnirlərin heyətin formalaşması baxımından zəruriliyini də bildirib: “İspaniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Bundan əlavə, Palanqa turniri də var. Palanqadakı turnirdə seçmə mərhələ oyunlarında güvənəcəyimiz start heyəti müəyyənləşdirəcək və həmin futbolçularla Portuqaliyadakı seçmə mərhələ oyunlarına yollanacağıq”.

Mənbə: affa.az