“Vurğun Hüseynovu hələ “Xəzər-Lənkəran”ın futbolçusu saymaq olmaz”
29.06.2010 - 14:22
“Vurğun Hüseynovu hələ “Xəzər-Lənkəran”ın futbolçusu saymaq olmaz”
“Vurğun Hüseynovu hələ “Xəzər-Lənkəran”ın oyunçusu saymaq olmaz. Çünki onun komandamızla müqaviləsi davam edir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Baş məşqçi postuna Sakit Alıyevi gətirən Tovuz təmsilçisi iyulun 1-dən start verəcəyi hazırlığa qədər baxışa dəvət edəcək futbolçuların kimliyini müəyyənləşdirəcək. Müqavilə ilə kluba məxsus olan oyunçuların məşqlərə qeyd-şərtsiz qatılacağı gözlənilir. Bu günlərdə “Xəzər-Lənkəran”la müqavilə imzalayan Vurğun Hüseynovun məsələsi isə açıq qalır. Süleymanov 21 yaşlı müdafiəçinin “Turan”la qüvvədə olan müqaviləsi olduğunu bildirib: “Onun “Turan”la müqaviləsi 2011-ci ildə başa çatacaq. Düzdür, hazırkı anlaşmada həmin tarixi qaralayıb, 2010-cu il eləyiblər. Lakin sənədin kötüyü notariat kontorda durur ki, bunu da araşdıracağıq. Əgər istəməzsə, getməsinə problem yaratmayacağıq. Ancaq hər şey qaydalar çərçivəsində həllini tapacaq”.

Qeyd edək ki, Hüseynov son mövsümü “Qəbələ”nin heyətində çıxış edərək, fasilə dövrü başlayan kimi “Xəzər-Lənkəran”la anlaşıb.