Fərhad Vəliyev: Bu, bizim komandaya əlavə güc verir
29.06.2010 - 14:50
Fərhad Vəliyev: Bu, bizim komandaya əlavə güc verir
“Metallurq”la oyuna hazırıq. İnşallah, yaxşı nəticə qazanıb, mərhələ adlayarıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.

Avropa Liqasının I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubu ilə qarşılaşacaq “Qarabağ” təlim-məşq toplanışına yığışıb. Ağdam təmsilçisi ötən ilki uğurun davamını gətirmək haqqında düşünür. Elə futbolçular da bu istiqamətdə kökləniblər: “Düzdür, ötən ilki nailiyyətimizə görə azarkeşlər bizdən yenə uğurlu çıxış gözləyir. Bu bizə psixoloji təsir göstərmir, əksinə əlavə güc verir. Çalışacağıq onlara yenidən sevincli anlar yaşadaq. Özümə gəldikdə, oyuna tam hazıram. Ciddi zədəm yoxdur. Bakıdakı oyunda əsas məqsədimiz qol buraxmadan qələbə qazanmaq olacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Metallurq” görüşü iyulun 1-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.