“Beşiktaş” “Neftçi” ilə oyun öncəsi islahatlar apardı
30.06.2010 - 11:22
“Beşiktaş” “Neftçi” ilə oyun öncəsi islahatlar apardı
Türkiyənin “Beşiktaş” klubu “Neftçi” ilə Avstriyadakı yoxlama oyunu öncəsi heyətdə islahatlar aparıb. Apasport.az saytının məlumatına görə, “Qara qartallar” iki legioneri – çexiyalı müdafiəçi Tomaş Zapotoçnı və argentinalı yarımmüdafiəçi Matias Delqado ilə yollarını ayırıb.

Komandanın yeni baş məşqçisi Bernd Şuster ötən mövsüm zədə üzündən oynamayan Delqadonu komandasında görmədiyindən, gedişini istəyib. Alman mütəxəssis xidmətində maraqlı olmadığı Zapotoçnını isə ötən mövsüm icarədə oynadığı son Türkiyə çempionu “Bursaspor” istəyir. Futbolçunun özü də bu varianta müsbət baxır.

Şuster həmyerlisi, yarımmüdafiəçi Mihael Finkin də qalmasında israrlı deyil. Hələlik gözləmə mövqeyi tutan rəhbərlik onu yaxşı təklif müqabilində satmağı planlaşdırır. Əgər Finki alan komanda olmasa, futbolçu “Beşiktaş”da qalacaq.

Qeyd edək ki, yeni mövsümə Avstriyada hazırlaşan “Qara Qartallar” ilk yoxlama oyununu iyulun 3-də “Neftçi” ilə keçirəcək. Bundan üç gün sonra yerli klub, II divizion təmsilçisi “Qrodiq”lə görüş planlaşdırılıb. Şuster bu iki oyunda yeni komandasını daha yaxşı tanımaq imkanı qazanacaq.