“Onlar Azərbaycan yığmasının gələcəyi olacaq”
30.06.2010 - 12:14
“Onlar Azərbaycan yığmasının gələcəyi olacaq”
15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli toplanışı keçirilib. Baş məşqçinin müxtəlif tapşırıqlarını yerinə yetirən futbolçular sonra qüvvələrini ikitərəfli oyunda yoxlayıblar. Apasport.az saytının məlumatına görə, hazırlıqdan sonra baş məşqçi Sissi Rayt bir neçə yeni futbolçunu heyətə cəlb etdiyini deyib.

Almaniyalı mütəxəssis bildirib ki, təlim-məşq toplanışına cəlb edilən qızların əksəriyyətini idmançılar təşkil etməsə də, aralarında fərqlənənlər olub: “Bildiyiniz kimi, biz tək məktəblərdə deyil, Azərbaycanın müxtəlif rayonlarında seleksiya xarakterli təlim-məşq toplanışları keçirdik və bizə lazım olan futbolçuları topladıq. Nəzərə almaq lazımdır ki, bu qızların çoxu idmançı deyil. Seçimlər zamanı az da olsa futbol bacarığı olan qızlara üstünlük veririk”.

Raytın sözlərinə görə, yeni komandanın formalaşması üçün illərlə vaxt lazımdır. Baş məşqçi bildirib ki, məşqlər zamanı bacarığı ilə seçilənlər gələcəkdə Azərbaycan yığması üçün böyük fayda verə bilər: “Bir komandanın formalaşması üçün illərlə vaxt lazımdır. Bizim isə cəmi 2 ilimiz var. Hazırkı heyətdə 5-6 qızdan istədiyimi ala bilirəm. Ola bilsin ki, növbəti məşqlərdə yeni qızlar seçək. Bu gün burada topladığımız qızlar Azərbaycan yığmasının gələcəyi olacaq”.

Mənbə: affa.az