“Gəncə” “sabiq”ləri bir araya gətirir
30.06.2010 - 13:39
“Gəncə” “sabiq”ləri bir araya gətirir
Yeni mövsümə hazırlaşan “Gəncə” heyətini gücləndirmək istiqamətində növbəti addım ataraq bir neçə oyunçunun keçidi ilə bağlı razılıq əldə edib. Bu haqda apasport.az saytına məlumat verən klubun prezidenti Elmir Əliyev verib.

Onun sözlərinə görə, “Gəncə” Azərbaycan milli komandasının sabiq futbolçuları Ramal Hüseynov, Murad Ağakişiyev və Hüseyn İsgəndərovla müqavilə imzalamağa yaxındır: “Onlarla ilkin razılıq əldə etmişik. Bu gün Gəncəyə gələcəklər və komandanın axşam məşqinə qoşulacaqlar. Komandada oynamağa razılıq veriblər”.

Əliyev daha iki “sabiq”in də “Gəncə”də “peyda olmaq” variantını da açıqlayıb: “İsmayıl Məmmədovla da maraqlanırıq. Ancaq onun kluba keçib-keçməməsinə baş məşqçi Fuad İsmayılov qərar verəcək. “Gəncə”yə transferi gündəmdə olan Kənan Kərimovla isə bir daha görüşəcəyik”.

Qeyd edək ki, adları qeyd edilən futbolçulardan Ramal Hüseynovla Murad Ağakişiyev müxtəlif vaxtlarda U-21 və əsas yığmanın formasını geyiniblər. Onlar son mövsümü “Standard”ın heyətində keçiriblər. Hüseyn İsgəndərov isə aşağı yaşlı yığmalarda çıxış edib. Müdafiəçinin sonuncu klubu “Turan” olub.