Samir Əliyev: Bəlkə də heç futbol oynamadım
30.06.2010 - 14:40
Samir Əliyev: Bəlkə də heç futbol oynamadım
“Neftçi”dən ayrıldıqdan sonra bekar qalmışam. Yay olduğu üçün istirahət edirəm. Durub desəm ki, məşq edirəm, formamı saxlayıram, düzgün olmaz. Heç nə etmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq futbolçusu Samir Əliyev deyib.

Paytaxt təmsilçisindən uzaqlaşdırıldıqdan sonra klubsuz qalan Əliyev Unibank Premyer Liqasının bəzi təmsilçilərindən dəvət alsa da, bununla razılaşmır: “Ciddi təklif olmasa da, qiyabi maraqlananlar var. Yəni, bu və ya digər yolla müəyyən təkliflər irəli sürürlər. Hələlik bu dəvətlərə cavab verməyə tələsmirəm. Çünki onlar məni qane etmir”.

Əliyev futbol barədə sönük danışmasının səbəbini də açıqlayıb. Yığmamızın sabiq hücumçusu 31 yaşında futbolla vidalaşmaq faizinin 50-ə bərabər olduğunu deyib:
“Hələ konkret qərar verməmişəm. Bəlkə də futbolu atdım, heç oynamadım. İnşallah, hər şey yaxın günlərdə bilinəcək”.

Qeyd edək ki, Samir Əliyev il yarımdır zədədən əziyyət çəkir.