Berti Foqts: Onları gələcəkdə milli komandanın heyətində görmək olar
30.06.2010 - 15:38
Berti Foqts: Onları gələcəkdə milli komandanın heyətində görmək olar
“Yığmaya cəlb olunan futbolçular özlərini məşq prosesində və oyunda yaxşı mənada göstərə bildilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyanın Duysburq şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət yığmamızın məşqini və keçirdiyi yoldaşlıq oyunlarını izləyən 64 yaşlı mütəxəssis komandadan razı qalıb: “Rəqiblərinin heç də zəif olmadığına baxmayaraq, hər 3 oyunda meydanı qələbə ilə tərk etmələri məni sevindirir. Bunu baş məşqçi Təbriz Həsənovun şəxsi bacarığının və uşaqların peşəkarlıq qabiliyyətinin yüksək olması ilə əlaqələndirərdim. Burada olan 5-6 uşaq öz üzərində lazımi səviyyədə işləsələr, onları gələcəkdə milli komandanın heyətində görmək olar”.

Qeyd edək ki, yığmamız Aşağı Reyn əyalətinin yığma komandasına 3:1, “SV Essen”ə 3:0, “PSV Vesel”ə 5:0 hesabları ilə qalib gəlib.

Mənbə: affa.az