İtaliya yığmasına vurdu, “Bakı”ya gəlir
30.06.2010 - 15:50
İtaliya yığmasına vurdu, “Bakı”ya gəlir
Azərbaycanı Avroliqada təmsil edəcək “Bakı” heyətini dünya çempionatında qol vuran futbolçu ilə gücləndirə bilər. Apasport.az saytının məlumatına görə, mundialda mübarizəni qrup mərhələsində dayandıran Yeni Zelandiya yığmasının hücumçusu Şeyn Şmelts paytaxtın eyni adlı komandasına təklif olunub.

Ancaq Avstraliyanın “Qold Kost Yunayted” klubunda çıxış edən 28 yaşlı futbolçu ilə hələ danışıqlar aparılmayıb. Şeynin Almaniyada anadan olması, bu ölkənin dilini bilməsi işinə yaraya bilər. Axı hücumçu axtarışında olan “Bakı”nın yeni baş məşqçisi almaniyalı Vinfred Şaferdir.

Vaxtilə İngiltərənin aşağı divizionunda çıxış edən Şmeltsi məhsuldar hücumçu saymaq olar. Hər halda, yığmada 33 oyuna 17 qol vurub. Mundialda ilk, hələ ki yeganə qolunu isə son dünya çempionu İtaliya yığmasına vurduğunu nəzərə alsaq, daha yadda qalan olmalıdır.

Hücumçu italyanların müdafiə xəttinin lideri Fabio Kannavaronun səhvindən sonra hesabı açmışdı. Marçello Lippinin yetirmələri bundan sonra tarazlığı bərpa edərək, məğlubiyyətdən penalti zərbəsi ilə yaxa qurtarmışdı. Mundialın ən zəif komandalarından sayılan Yeni Zelandiya heç bir görüşdə uduzmamaqla (hər üçü heç-heçə) dünyanı təəccübləndirdi. Şmeltsin keçidi baş tutarsa, ölkəmizdə çıxış edən ilk yeni zelandiyalı futbol olacaq.

Qeyd edək ki, “Bakı” Avroliqanın II təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnots” klubu ilə görüşəcək.