Silva “Mançester Siti”yə keçdi
30.06.2010 - 17:21
Silva “Mançester Siti”yə keçdi
İngiltərənin “Mançester Siti” klubu İspaniya yığmasının futbolçusu David Silvanın keçidini rəsmən elan edib. Apasport.az saytının məlumatına görə, bir sıra nəhənglərin maraq dairəsində olan “Valensiya”nın 24 yaşlı yarımmüdafiəçisi güclü maliyyə dayaqlarına malik Mançester təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Silva mundial bitəndən sonra yeni klubunda tibbi müayinədən keçəcək. Hazırda bütün diqqətini yığmaya yönəldən David “Mançester Siti”yə keçidindən razı olduğunu bildirib: “Birincisi, “Valensiya”ya və onun bütün sadiq azarkeşlərinə minnətdarlıq etmək istərdim. Mən orada 6 il keçirərək, futbolçu kimi yetişdim. “Valensiya” həmişə qəlbimdə xüsusi yer tutacaq. Ancaq indi yeni sınaq üçün düzgün vaxt gəlib. İngiltərədə “Mançester Siti”də oynayacağım vaxtı səbirsizliklə gözləyirəm. Əminəm ki, Premyer Liqa dünyada ən yaxşı yarışlardan biridir. Mən yeni klubuma uğur, mükafat qazanmaqda kömək etmək istəyirəm”.

Qeyd edək ki, “Çelsi”nin də almaq istədiyi Silvanın keçidi təxminən 25-28 milyon funt sterlinqə başa gəlib. Maddi problemlər üzündən aparıcı futbolçularını itirən “Valensiya” İspaniya yığmasının da lideri olan David Vilyanı mövsüm bitəndən sonra “Barselona”ya satdı.