Qurban Qurbanov: “Metallurq” keçən ilki rəqiblərimizdən zəif deyil
30.06.2010 - 23:09
Qurban Qurbanov: “Metallurq” keçən ilki rəqiblərimizdən zəif deyil
“Bir il idi çalışırdıq ki, avrokuboklara vəsiqə qazanaq. Şükürlər olsun ki, bunu bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb.

Qurbanov bildirib ki, Makedoniyanın “Metallurq” klubu haqda informasiya toplamaqda “Qarabağ”ı üstələyə bilib: “Metallurq” ötən ilki rəqiblərlə müqayisədə heç də zəif deyil. Makedoniya təmsilçisi çətin rəqibdir. Onlar kollektiv uğura imza atırlar. İlk matçı səfərdə keçirsəydik, daha yaxşı olardı. Çünki “Metallurq” haqda elə də geniş məlumatımız yoxdur. Qısa vaxt ərzində komandamızı toparlamağa çalışdıq. Hazırlığı heyət baxımından 3 yerə bölərdim: zədəlilər, milli komandaya gedənlər və gənclər. Rəqib isə bizi dərindən araşdırıb. Hər futbolçumuz haqda məlumatları var. Keçən ilki oyunlarımızı izləyiblər. Bakıdakı qarşılaşmada sərfəli nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Metallurq” oyunu saat 21:00-da başlayacaq.