“Neftçi”nin sabiq futbolçusu: Boliviyada ayağımı müalicə etdirdim
01.07.2010 - 10:39
“Neftçi”nin sabiq futbolçusu: Boliviyada ayağımı müalicə etdirdim
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Vitali Şevçenko özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Rusiyanın tanınmış klublarından olan “Rotor”un yeni baş məşqçisi təyin olunub. Birinci divizionunda çıxış edən Volqoqrad təmsilçisi Şevçenko ilə cari mövsümün sonuna kimi müqavilə imzalayıb. Ancaq “Rotor” yerini qoruyarsa, onunla müqaviləni iki illiyə uzadacaq.

Dəvəti məmnuniyyətlə qəbul edən Şevçenko bu klubda işləməyi maraqlı sayır. O, Odessanın “Çernomorets” klubundan gedəndən sonra bir il işsiz qalıb: “Boliviyadakı qızımın yanına getmişdim. Ayağım bir az ağrıyırdı, onu müalicə etdirdim. İndi əllərimi çırmalayıb, işləməyə hazıram. Volqoqrad komandanı əvvəlki səviyyəyə qaytarmaq istəyir. Düzdür, turnir cədvəlində vəziyyətimiz ağırdır, sonuncu yerdəyik. Komandada olan futbolçularla maksimum nəticə əldə etməyə çalışacağıq. Ola bilsin ki, “transfer pəncərəsi” müddətində heyətimizi gücləndirdik. Transfer bazarında yaxşı çalışmalıyıq. Çox şey futbolçuların psixoloji vəziyyətindən, onları nə qədər tez silkələməyimizdən asılı olacaq. Bunun üçün bir neçə uğurlu oyun keçirməliyik. Qarşıda 4 çətin oyunumuz var. Kubokda qələbə qazanmağa çalışacağıq, ancaq bu turnir daha çox komanda ilə tanışlıq olacaq”.

Qeyd edək ki, Şevçenkonun debütü bu gün Rusiya kubokunun 1/32 finalında “Salyut”la görüşdə olacaq.