“Bu gün tək “Qarabağ”da yox, Azərbaycanda hücumçu problemi var”
01.07.2010 - 11:10
“Bu gün tək “Qarabağ”da yox, Azərbaycanda hücumçu problemi var”
“Bu gün tək “Qarabağ”da yox, Azərbaycanda hücumçu problemi var. Çox istərdim ki, Azərbaycandakı hücumçu problemini “Qarabağ”ın adı ilə əlaqələndirməyək”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

İnamlı müdafiə xətti ilə seçilən “Qarabağ” hücumda “dişsiz” görünür. Unibank Premyer Liqasında keçirdiyi oyunları minimal hesablı qələbə ilə başa vuran Ağdam klubunda qol vurmaq problemi var. Ancaq bu məqam Qurbanovu narahat etmir. 38 yaşlı çalışdırıcı klubun yetirməsi olan Rauf Əliyevə böyük ümidlər bəsləyir: “Əgər bu gün Raufa üstünlük verirəmsə, deməli, onda böyük bir potensial görürəm. O, fiziki göstəricilərinə, bədən quruluşuna görə Azərbaycanda Avropa standartlarına uyğun yeganə hücumçudur. Həm mübarizəsi, başla oyun, həm də hücumçu kimi ayaq üstə dura bilmək kimi üstün cəhətlərinə görə Azərbaycandakı digər həmkarlarından kəskin fərqlənir. Çox istərdim ki, onun millidə əvəzedilməz futbolçu olmasında böyük köməkliyim olsun”.

Son oyunlarda gənc həmkarında irəliləyişin olduğunu bildirən veteran hücumçu mərhələ keçməkdənsə, onu Azərbaycan futboluna qazandırmağı daha üstün hesab edir: “Oyundan-oyuna Raufda irəliləyiş görürəm. Bu gün hər hansı bir oyunda xal itirə və ya mərhələ keçməyə bilərik. Ancaq 1-2 ildən sonra Raufu Azərbaycanda futboluna yaxşı hücumçu kimi qazandırsaq, bu, hər şeydən üstün olacaq. Hücumçu o demək deyil ki, hər oyunda 2-3 qol vursun. Əfran İsmayılov və Georgi Adamiya yarımmüdafiəçi olsalar da, oyun zamanı üç hücumçu sisteminə keçirik. Əgər Raufla Georgi və Əfranın oyunu düşündüyüm kimi alınsa, qol vurmaq problemi tək “Qarabağ”da yox, Azərbaycan millisində də həll olunacaq. Vaqif Cavadov və Vüqar Nadirovu da bura əlavə etsək, milli komandaya daha çox xeyir verəcəklər”.