“Beşiktaş” “Neftçi” qarşısına “Milan Baroş”la çıxacaq
01.07.2010 - 12:14
“Beşiktaş” “Neftçi” qarşısına “Milan Baroş”la çıxacaq
Türkiyənin “Beşiktaş” klubu “Neftçi” ilə Avstriyadakı yoldaşlıq görüşünə “Milan Baroş”la çıxacaq. Apasport.az saytının məlumatına görə, “Qara Qartallar”ın gənc futbolçusu Erkam Reçbel “Qalatasaray”da oynayan məşhur çexiyalı hücumçu Milan Baroşa çox bənzəməsi ilə diqqət mərkəzinə düşüb.

Onun oxşarlığını komanda yoldaşları da fərq edib. “Beşiktaş”ın Türkiyə yığmasında da oynayan təcrübəli futbolçuları Nihat Kavveçi ilə İbrahim Üzülməz “Erkam”ı adı ilə yox, “Milan Baroş” deyə çağırırlar. Onların fikrincə, Reçbel təkcə xarici görünüşünə deyil, oyun tərzinə görə də çexiyalıya oxşayır.

Qeyd edək ki, “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən də Avstriyadakı təlim-məşq toplanışına qatılıb. Ancaq komandasının qaldığı hotelə gəlməyən prezident 50 kilometr aralıda başqa bir hoteldə qalır. Hər halda, Dəmirörən “Beşiktaş”ın iyulun 3-də “Neftçi”, 7-də Avstriyanın “Qrodiq” klubu ilə yoxlama oyunlarını izləmək fikrindədir.