“Qarabağ” Skopyeyə böyük hesablı qələbə ilə yollanır
01.07.2010 - 21:52
“Qarabağ” Skopyeyə böyük hesablı qələbə ilə yollanır
Bu gün Avropa Liqasında yeni mövsümə start verilir. Apasport.az saytının məlumatına görə, klublarımızdan ilk evdə mübarizəyə başlayan Ağdamın “Qarabağ” klubu olacaq.

Qurban Qurbanovun çalışdırdığı komanda ötən yay uğurla çıxış etdiyi Avroliqada zəfərini davam etdirməyə çalışacaq. Avrokuboklarda 21-ci oyununa çıxacaq ağdamlıların rəqibi debütant “Metallurq” klubudur. Makedoniyanın paytaxtı Skopyeni təmsil edən komandanın Avropaya yolu Tofiq Bəhramov adına Respublika stadionundan başlayacaq.

Ötən mövsüm Avroliqada son təsnifat mərhələsinə kimi irəliləyən “Qarabağ” bu dəfə ölkə kubokunun qalibi yox, çempionatın bürünc mükafatçısı olduğundan mübarizəyə ilk mərhələdən başlayır. Komandamız bir həftə sonra səfərdəki cavab görüşünə rahat yollanmaq üçün mütləq evdə sərfəli nəticə qazanmalıdır. Bunun üçün qələbəni qol buraxmadan əldə etmək vacibdir.

Apasport.az saytı ənənəsinə sadiq qalaraq, oyunun nəticəsini onlayn şəkildə yayımlayacaq. Dəyərli oxucularımız görüşdən sonra baş məşqçilərin fikirləri ilə saytımızdan tanış ola bilərlər.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
1 iyul


21:00. “QARABAĞ” (AZƏRBAYCAN) – “METALLURQ” (MAKEDONİYA) - 4:1
Hakimlər: İştvan Kovaç, Mikloş İştvan Naqi, Radu Adrian Stefan Qinquleak, Ovidiu Alin Hateqan (hamısı Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qollar: Rəşad Sadıqov, 26-pen, Əfran İsmayılov, 45+1, Emin İmaməliyev, 85, Georgi Adamiya, 90+2, Marko Simonovski, 90+4

Komandaların start heyətləri
“Qarabağ”: Fərhad Vəliyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Zaur Həşimov, Aslan Kərimov (k), Rəşad Sadiqov, Əfran İsmayılov, Elvin Məmmədov, Georgi Adamiya, Rauf Əliyev
“Metallurq”: Yordan Georgiyevski, Milan İlievski, Mile Petkovski, İqor Kralevski, Miroslav Vays (k), Ertan Dəmiri, Bojan Mihayloviç, Mile Krstev, Milan Curiç, Aleksandar Tenekeciyev, Yovan Kostovski


3-cü dəqiqə. Rəqib hesabı açmağa çox yaxın oldu. Ancaq künc zərbəsi zamanı qapı dirəyinin yanında olan Elvin başla vurulan zərbədən sonra topu qapı xəttindən çıxarır.
6-cı dəqiqə. Sağ cinahdan ötürmədən sonra Curiçin zərbəsi istənilən kimi alınmır.
13-cü dəqiqə. Komandamızın oyunda ilk künc zərbəsi təhlükəli vəziyyətlə nəticələnmir.
15-ci dəqiqə. Adamiyanın uzaq məsafədən zərbəsi qapı dirəyinin yanından keçir.
17-ci dəqiqə. Ağdamlılar hesabı açmaq üçün ilk real imkan qazanır. Ancaq Əfranın ötrüməsindən sonra Aslanın zərbəsini qapıçı qaytara bilir.
20-ci dəqiqə. Təqyiqi artıran ağdamlılar yenə yaxşı fürsət əldə edir.
Ancaq Georgiyevski bu dəfə Elvinin zərbəsini qaytarmağa müvəffəq olur.
22-ci dəqiqə. Yeni transfer Aqollinin kobud səhvi bizə baha başa gələ bilərdi. Curiçin güclü zərbəsi qapı dirəyindən azca aralı keçir.
26-cı dəqiqə. Adamiyanın reydini cərimə meydanında yolverilməz fəndlə dayandırırlar. Rəşad Sadıqov penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açır - 1:0.
34-cü dəqiqə. Oyunda ilk sarı vərəqəni Admir kubod oyuna görə alır.
36-cı dəqiqə. Kapitan Vaysın künc zərbəsindən sonra yaxın məsafədən başla dəqiq zərbəsini Vəliyev tutur.
37-ci dəqiqə. Fərhad rəqibin sol cinahdan təhlükəli ötürməsindən sonra vaxtında irəli çıxaraq topu tutur.
45-ci dəqiqə. Adamiyanın qapıya güclü zərbəsi qapı tirinin üstündən keçir.
Baş hakim oyuna 1 dəqiqə əlavə edir. Bu anda Əfran Sadıqovun uzun ötürməsindən sonra qapıçının irəli çıxmasından istifadə edərək, topu onun başı üzərindən tora göndərir - 2:0. İlk hissənin qəhrəmanı olan Rəşadın hesabında bir qol, bir məhsuldar ötürmə var.
İlk hissə bitdi. Komandamız fasiləyə iki top fərqi ilə üstün durumda yollanır.

46-cı dəqiqə. İkinci hissəyə komandamız oyuna mərkəzdən başladı.
50-ci dəqiqə. Yenə ilk həmlə rəqindən gəldi. Ancaq Krstevin uzaqdan zərbəsi təhlükəli alınmır.
51-ci dəqiqə. Hesabında bir sarı olan Teli meydanın mərkəzində rəqibə qarşı kobud oynayır. Rumıniyalı baş hakim ona birbaşa qırmızı vərəqə göstərərək, meydandan qovur. Bununla da Admir komandamızı azlıqda qoyur.
55-ci dəqiqə Müdafiəçilərimizin səhvindən sonra Fərhad yaxşı reaksiya göstərərək, rəqibin qol vurmasına imkan vermir. Baş məşqçi Qurban Qurbanov məcburi əvəzləmə etməli olur. Oyun qurucusu Elvin Məmmədovun yerinə zədə üzündən oynamayacağı gözlənilən Samir Abasov daxil olur. Yeni transfer Sadıqovla birgə müdafiənin mərkəzində, yəni Telinin mövqeyində yer alır.
64-cü dəqiqə. Rəqibin heyətində ilk əvəzləmə hücum yox, müdafiə xətti ilə bağlı olur. İliyevskinin yerinə meydana Qoran Boqdanoviç daxil olur.
65-ci dəqiqə. Qurbanov da həmkarından geri qalmır. 37 yaşlı kapitan Aslan Kərimovu Namiq Yusifov əvəzləyir. Kapitan sağrısını Fərhad qoluna taxdı.
67-ci dəqiqə. Samir ötürmədə kobud səhvə yol verərək, rəqibin qapıçı ilə təkbətək çıxmasına imkan yaradır. Ancaq Vəliyevlə Sadıqov birgə səyləri topun qapımızdan keçməməsi ilə nəticələnir.
70-ci dəqiqə. Makedoniyalılar ikinci əvəzləməsi reallaşır. Yarımmüdafiəçi Marko Kostanovski həmkarı Boyan Mihayloviçin yerinə meydana daxil olur.
73-cü dəqiqə. Fərhad yenə gözəl oyun nümayiş etdirərək, rəqibin növbəti zərbəsini dəf edir.
74-cü dəqiqə. Baş hakim növbəti sarı vərəqəni Sadiqova kobud oyuna görə göstərir. Rəqib təhlükəli cərimə zərbəsindən sonra hesab arasındakı fərqi azaltmaq imkanı qazansa da, Vəliyev iki epizodda ustalığını nümayiş etdirir.
76-cı dəqiqə. Komandamızda sonuncu əvəzetmə baş verir. Əfran İsmayılovun yerinə digər cinah yarımmüdafiəçisi Emin İmaməliyev daxil olur.
78-ci dəqiqə. Marko Kostanovskini Marko Simonovski əvəzləyir.
80-ci dəqiqə. Eminin ötürməsindən sonra Rauf qapıçı ilə üzbəüz qalır. Ancaq yan xətt hakiminin ofsaydla bağlı səvh qərarı hücumumuzu yarımçıq qoyur.
82-ci dəqiqə. Adamiya növbəti sarı vərəqə alan futbolçumuz olur.
85-ci dəqiqə. İmaməliyevin uzaqdan zərbəsindən sonra rəqib qapıçının kobud səhvi hesabın 3:0-a çatması ilə nəticələnir.
90-cı dəqiqə. Baş hakim rəqibin futbolçusu Ertan Dəmiriyə görə Rauf Əliyevə kobudluğa görə sarı vərəqə göstərir.
Baş hakim ikinci hissəyə 4 dəqiqə əlavə edir. 90+2-ci dəqiqədə Emin məhsuldar ötürmə müəllifi olur. Onun gözəl ara ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Adamiya da qol vurur - 4:0.
Rəqib son saniyələrdə hesab arasındakı fərqi azalda bilir. Simonovski müdafiəçimizi qabqlayaraq, başla topu qapıdan keçirir - 4:1. Ancaq bununla belə, komandamız bir həftə sonra Skopyedə keçiriləcək cavab görüşünə böyük hesablı qələbə ilə yollanır.