Yoahim Löv Azərbaycan yığmasının baş məşqçisini arxada qoyub
01.07.2010 - 18:00
Yoahim Löv Azərbaycan yığmasının baş məşqçisini arxada qoyub
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Azərbaycan milli komandasını çalışdıran təcrübəli həmkarı Berti Foqtsu arxada qoyub. Apasport.az saytının məlumatına görə, bundestimi DÇ-2010-da 1/4 finala çıxaran 49 yaşlı mütəxəssis ölkə futbolunun ən uğurlu çalışdırıcısı sayılır.

Almaniya yığması Lövün rəhbərliyi altında keçirdiyi 53 oyunun 37-də qələbə qazanıb, 8-də heç-heçə edib, bu qədər də uduzub. Nəticədə Lövün hesabında orta xal 2,25-dir. 1996-cı ildə bundestimə Avropa çempionluğunu qazandıran Foqtsun 2,18 orta xalı var. 64 yaşlı mütəxəssis 1990-98-ci illərdə baş məşqçisi olduğu yığmasını 102 oyuna çıxarıb. Foqts bunların 66-da qalib gəlib, 24-də heç-heçə edib, 12-də yenilib. Üçüncü yerdə “Qalatasaray”ın əfsanəvi baş məşqçisi Yupp Dervall gedir. Təcrübəli mütəxəssis rəhbərlik etdiyi bundestimlə (1978-84-cü illərdə) 67 görüşün 44-də qalib gəlib, 12-də bərabərliyə qalıb, 11-də uduzub. Dervall 2,15 orta xala malikdir.

Qeyd edək ki, Löv köməkçisi olduğu Yurgen Klinsmann DÇ-2006-da bürünc mükafatçı kimi istefa verdikdən sonra onu əvəzləyib. O, 2008-ci il Avropa çempionatında bundestimə gümüş medal qazandırıb.