Azadlıq radiusu
02.07.2010 - 11:35
Azadlıq radiusu
Hər şey Birdən Birə oldu: onaltıda Birdən dörddə Birə adladıq.
Fransanın, İtaliyanın fanatları özlərini his elədilər. Çünki komandaları Cənubi Afrikada, özü də qarın-yağışın altında yandı.

Ötən mundialda Zidanı söyməklə ad çıxaran Anriyə “Barselona”da qapını göstərdilər. İndi o, forvard yox, qapıçıdı. Amma Fransa yığmasını öz intriqalarıyla uçuruma aparan Anrini çətin ki, qapısına qoyan tapıla.

İtaliya yığması Qədim Roma yaşındadı: onlar gərək çəliklə oynayardılar.

Kot d”İvuar qəsdən mərhələ adlamadı; bildi ki, Azərbaycan mətbuatı onun adını yaza bilməyəcək.

Koreya Xalq Demokratik Respublikasında 15 iyundan bəri hər gün 15 iyundu: tv-lər ancaq Braziliyanın qapısına vurulan qolu göstərir. Buraxılan 12 topusa yəqin ki, Cənubi Koreyanın efirindən izləmək olar.

1/8-də heç darıxmadıq. Almaniya-İngiltərə matçını almaniyalı, Argentina-Meksika görüşünü argentinalı hakim idarə eləyirdi. 1/4-də qarşılaşacaq Almaniya-Argentina derbisi üçün FİFA referi axtarır: anası alman, atası argentin, yaxud əksinə.

Türkiyə bu çempionatda oynamır, bunu qonşularım üçün yazıram, deməyimə inanmırlar, bəlkə yazam, dərilərinə isti keçə.

“Öz xoşbəxtliyini rəqib qapısında axtarmalıdı” - idman şərhçiləri bu cümləni hər reportajda çeynəyib tüpürürlər, Ronaldo bircə dəfə ekrandan tüpürdü, yazığı bədnam elədilər.

Braziliya - Çili matçından sonra hər iki məşqçi bir-birini tərifləyib - görünməyən iş!

Millət vəkili Əli Məsimli Dünya Çempionatı -2010 haqda efirdə ən dürüst şərh verdi, o, bu il futbol azarkeşlərindən kifayət qədər səs yığacaq. “LiverPUL”lu həmkarı isə Çempionlar Liqasıyla mundialı səhv saldı.

Çempionatın sürprizi Məsut Özildi! Onu “Barselona”, ya da “” İnter” mütləq alacaq. Bir də Çili yığmasının üzvü Estrada! - o adla futbol oynadığına görə.

Apasport.az-a futboldan az baxmıram. “Erotik” xəbərlərin “finalında” braziliyalı eks-ulduz Ronaldinyonun əsəbdən soyunan sevgilisiylə Argentina yığmasının fəxri Messini duşun altına çağıran modelyer gözəlçənin “oynayacağı” gözlənilir.

Mən əlamətlərə çox da inanmıram. Amma 1/8-in cədvəlinə bir fikir verin:

26 iyun
49. Uruqvay - Koreya 2:1
50. ABŞ - Qana 1:2

27 iyun
51. Almaniya – İngiltərə 4:1
52. Argentina – Meksika 3:1

28 iyun
53. Niderland – Slovakiya 2:1
54. Braziliya – Çili 3:0

29 iyun
55. Paraqvay – Yaponiya 5:3
56. İspaniya – Portuqaliya 1:0


Soldakı bütün komandalar qalibdi! ABŞ-dan başqa. ABŞ solçuluğa düşməndi.
...1/4-ə proqnoz vermirəm. Çünki futboldan başım çıxır. Siz də özünüzü his eləməyin. Komandanız yana bilər. Özü də Cənubi Afrikada. Həm də qarın-yağışın altında...

Qulu AĞSƏS