Hollandiyalılar Vaqif Cavadovu yenə səhv saldılar
02.07.2010 - 13:05
Hollandiyalılar Vaqif Cavadovu yenə səhv saldılar
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov ikinci dəfə çıxış etdiyi “Tvente” klubunun rəsmi internet saytının “qurban”ına çevrilib. Apasport.az-ın məlumatına görə, Hollandiya çempionunun əməkdaşları 21 yaşlı hücumçumuzla bağlı növbəti yanlışlığa yol verib.

Enshede təmsilçisinin “DeZeuv”la keçirdiyi yoxlama oyunundan sonra dərhal matçla bağlı məlumat yayan rəsmi internet saytı 11:2 hesabı ilə nəticələnən görüşün 45-ci dəqiqəsində Cavadovun qol vurduğunu yazmışdı. Bu top komandasının 6-cı qolu idi. Matçla bağlı şərhə düzəliş edən “Tvente” rəsmiləri ilk qolun da Vaqifin ayağına yazıb. Gecə qoyulan məlumatda ilk topu Bayraminin ayağına yazılsa da, artıq məlum olub ki, Cavadov dubla imza atıbmış.

Maraqlıdır ki, bu Cavadovla bağlı ikinci belə hadisədir. “Tvente”nin ötən həftə “Hengelo” ilə keçirdiyi qarşılaşmada da onun dublu əvvəl 1 qol kimi göstərilmişdi. Həmin vaxt da hollandiyalılar həmyerlimizlə Bayramini qarışıq salmışdılar. Bu səhvin üzə çıxmasından sonra məlum olub ki, hücumçumuz 3 yoxlama oyununda 5 qola imza atıb.