“Skopyedə sensasiya olmayacaq və “Qarabağ” növbəti mərhələyə çıxacaq”
02.07.2010 - 16:15
“Skopyedə sensasiya olmayacaq və “Qarabağ” növbəti mərhələyə çıxacaq”
“Qarabağ”ın Bakıda “Metallurq”a qalib gələcəyini gözləyirdim. Əvvəl də demişdim ki, sizin komanda bu cütdə favoritdir. Ancaq açığı, həmyerlilərimin belə hesabla uduzacağı mənim üçün gözlənilməz oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Vaxtilə milli komandasını, yığmamızı, “Bakı” klubunu çalışdırmış makedoniyalı mütəxəssis Avroliqanın I təsnifat mərhələsində “Qarabağ”ın “Metallurq” üzərində Tofiq Bəhramov adına Respublika stadionunda 4:1 hesablı qələbəsinə şahid oldu. Hacıyevskinin sözlərinə görə, təcrübə oyunun taleyini həll edib: “Qarabağ”da yaxşı futbolçular çoxdur. Ötən yay Avroliqada uğurla çıxış edən komandanın beynəlxalq təcrübəsi böyükdür. “Metallurq” isə gənc heyətə malikdir. Avrokuboklarda debüt edən komanda cəmi iki ildir yüksək liqada oynayır. “Metallurq” çoxlu səhvlərə yol verdi. Həm qapıçıları, həm də mərkəz hücumçunun xətası çox oldu. Mən “Qarabağ”ın iki top fərqi ilə qələbəsini gözləyirdim. Hesab oyuna görə olmadı. “Qarabağ” son dəqiqələrə kimi proqnozumu doğruldurdu, 2:0 hesabı ilə irəlidə idi. Ancaq həmyerlilərim belə məğlubiyyətə görə özləri günahkardır. 35-40 dəqiqə sayca üstün olduğun komandadan son dəqiqələrdə iki top buraxdı, 2:0-da mərkəz hücumçu qapıçı ilə təkbətək çıxır və yüz faizli qol imkanından istifadə edə bilmir. Bu, “Qarabağ” üçün super nəticə oldu. Hesab edirəm ki, Skopyedə sensasiya olmayacaq və komandanız növbəti mərhələyə çıxacaq”.

Püşkdən sonra Hacıyevski “Metallurq” üçün rəqib haqda məlumat baxımından yaxşı mənbə kimi gündəmə gəldi. Ancaq təcrübəli çalışdırıcı özünü “casus” yox, ciddi insan kimi qələmə verilməsinin zəruri sayır: “Açığı, Bakıdakı oyunda qələbəyə daha çox layiq olan komandaya azarkeş edirdim. Görüş göstərdi ki, “Qarabağ” “Metallurq”dan daha güclüdür və layiqli qələbə qazandı. Makedoniyalı olduğumdan öz ölkəmin komandasına tərəfkeşliyim normaldır. Necə ki, siz də azərbaycanlı kimi öz komandanıza azarkeşlik edirsiniz. Ancaq mənim “Metallurq”a bağlılığım olmayıb. “Vardar” olsaydı, bu, başqa məsələ. Bu, mənim üçün doğma komandadır. Uzun illərdir çalışdırdığım “Vardar”ın çılğın azarkeşiyəm. Mən son illərdə Azərbaycanda çalışıram və burada, o cümlədən “Qarabağ”da çoxlu dost-tanışlarım var. “Metallurq”un üzvləri burada olduqları müddətdə Azərbaycanda futbolunun inkişaf tempini gördülər”.

Mehman SÜLEYMANOV