“Neftçi”yə badalaq vurmaq fikrim yoxdur” - MÜSAHİBƏ
03.07.2010 - 10:34
“Neftçi”yə badalaq vurmaq fikrim yoxdur” - MÜSAHİBƏ
“Standard” klubunun heyətindəki oyunu ilə Azərbaycan yığmasına qədər yüksələn Fərid Quliyev yeni mövsümü “Neftçi”nin heyətində keçirəcək. Artıq paytaxt təmsilçisi ilə 1 il müddətinə müqavilə imzalayan hücumçu ilə həm yeni komandası, həm də yığma barədə söhbətləşdik.

- “Neftçi”yə transferin barədə nə deyə bilərsiniz?
- Mövsüm başa çatdıqdan sonra paytaxt klubunun rəhbərliyi ilə söhbətimiz olmuşdu. Daha sonra yığmanın düşərgəsinə qoşuldum. Avstriyadakı yoxlama oyunlarını baş məşqçi Arif Əsədov da izləyirdi. Onunla orada da söhbətimiz oldu. Bakıya döndükdən sonra danışıqlar davam etdirdik. Nəticədə bu komandaya keçidim baş tutdu.

- Başqa klublardan təklif var idimi?
- Ad çəkmək istəmirəm, amma xidmətimdə maraqlı olan klublar var idi. Lakin mən seçimimi etmişdim. Ona görə də “Neftçi” ilə müqavilə imzaladım.

- Klub rəsmiləri ilə əvvəlcədən görüşdüyünüzü dediniz, ancaq transfer bir qədər gec rəsmiləşdi. Problem nə idi?
- Klublar arasında danışıqlar bir qədər uzandı. “Standard”la müqaviləm olduğundan, rəhbərliyin razılığı alınmalı idi. Buna görə müqaviləni gec imzaladım.

- “Standard” rəhbərliyi keçidiniz üçün 70 min manat transfer məbləği təyin etmişdi. Bunu kim ödədi?
- Pul məsələsi barədə danışmaq istəmirəm. Futbolçunun işi meydanda top qovmaqdır. Maliyyə məsələsi ilə klub rəhbərliyi məşğul olub. Yəni onlar ortaq məxrəcə gəliblər və keçidim baş tutub.

- Artıq “Neftçi”nin məşqlərinə qatılmısınız. Yeni komandada özünüzü necə hiss edirsiniz?
- Hələ fiziki hazırlığa yer verilib. Heç bir futbolçu indi tam formada olduğunu deyə bilməz. Bunun üçün çalışırıq. Məncə, işlər düzgün qurulub.

- Yəqin ki adaptasiya baxımından problem olmayacaq.
- Xeyr, uşaqların əksəriyyətini tanıyıram. Bir neçəsi ilə yığmada çıxış edirik. Qalanlarını da qiyabi də olsa tanıyıram. Legionerlər də komandaya kömək edəcək gücdədirlər. Mehriban kollektivimiz var. Hamı “Neftçi”nin əvvəlki şöhrətini özünə qaytarması istiqamətində çalışır.

- Ötən mövsümün ən sərrast oyunçusu oldunuz. Necə düşünürsünüz, bu uğuru “Neftçi”də təkrarlaya biləcəksənmi?
- Hər şey özümdən asılıdır. Birinci komandanın uğur qazanmasıdır. “Neftçi”nin çempion olması bizim üçün əsas məqsəddir. Bombardir olmağım ikinci plandadır. Yəni, şəxsi uğur qazanmaq üçün kluba badalaq vura bilmərəm. Təbii ki, nə qədər yaxşı oynasam, bu komanda üçün faydalı olacaq. Çünki yaxşı oynamağım həm qol vurmaq, həm də məhsuldar ötürmə vermək deməkdir.

- “Neftçi” ölkənin ən titullu və köklü klubudur. Keçidinizdə bu amilin rolu oldumu?
- Əlbəttə, “Neftçi”nin formasını geyinmək hər bir yerli oyunçunun arzusudur. Həm də komanda neçə ildir uğur qazana bilmir. Çalışmalıyıq ki, “Neftçi” əvvəlki şöhrətini qaytarsın.

- Hazırkı heyətlə bu uğura nail olmaq mümkündürmü?
- Bunun üçün çalışırıq. Bütün gücümüzü sərf edəcəyik ki, qələbələri sıralayaq. Buna nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Artıq bir yoxlama oyunu keçirmişik. “Olimpik-Şüvəlan”la qarşılaşmışıq və qələbə qazanmışıq. Normal oyun oldu. Komanda yavaş-yavaş öz oyununu tapacaq. Bunun üçün hələ vaxtımız var. Deyəsən, heyətə bir neçə yeni oyunçu da qoşulacaq.

- İndi “Neftçi”nin əsas hücumçusu olacaqsınız. Rəqabətin zəif olması sizi arxayınlaşdırmayacaq?
- Komanda mənə inanıb və heyətinə cəlb edib. Mən də ümidləri doğrultmağa, xeyir verməyə çalışacağam. Hansısa arxayınlaşmadan söhbət gedə bilməz. Bura günlərimi saymağa gəlməmişəm.

- Avstriyada 3 yoxlama oyunu var. Rəqiblər barədə nə deyə bilərsiniz?
- Yalnız “Beşiktaş”ı tanıyıram. Yoxlama oyunlarında nəticə elə də əhəmiyyət kəsb etmir. Məqsəd komandanın zəif tərəflərini müəyyənləşdirməkdir.

- “Standard”da ardıcıl qollar vurduqdan sonra yığmaya dəvət edildiniz. Əsas milliyə gəldikdən sonra həyatınızda nə dəyişib?
- Yığmanın formasını geyinmək hər bir futbolçunun arzusudur. Çox şadam ki, ilk oyundaca fərqlənməyi bacardım. Təbii ki, yığmaya çağırılmaq futbolçunun məsuliyyətini bir qədər də artırır. Daim formada olmağa məcbur olursan. Həm də insan kimi formalaşmağında da millinin rolu böyükdür. İnşallah, yenə dəvət olunsam, yığmaya var gücümlə kömək etməyə çalışacağam.

Mənbə: Futbol dünyası