Şuster “Neftçi” ilə oyunda hamıya şans verəcək
03.07.2010 - 13:11
Şuster “Neftçi” ilə oyunda hamıya şans verəcək
Türkiyənin “Beşiktaş” klubu “Neftçi” ilə yoldaşlıq görüşünə hazırlığını başa vurub. Apasport.az saytının məlumatına görə, matçın keçiriləcəyi Avstriyada bir neçə gündür hazırlaşan istanbulluların iki saata yaxın davam edən məşqi mətbuat üçün açıq olub.

“Qara Qartallar”ın almaniyalı baş məşqçisi Bernd Şuster “Neftçi” ilə oyunda bütün futbolçulara şans vermək fikrindədir. Hazırlığa DÇ-2010-un iştirakçıları olan legionerlər – slovakiyalı Filip Holosko ilə çilili Rodriqo Tello qatılmayıb. Onlara yığmalarının heyətində mundialda çıxışdan sonra istirahət verilib.

Müalicəsini davam etdirən türkiyəli futbolçu Əkrəm Dağ ayrı çalışır. Digər zədəli futbolçuları olan “Beşiktaş” məşqini qruplarla keçirib və cinahlardan ötürmələrə, qapılara zərbələrə xüsusi diqqət yetirib. Məşqdən sonra izn alan futbolçuların bir hissəsi namaza, digər qrupu alış-verişə gedib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.