Ronaldo: kapitanlıq əlimdən alındı və ata oldum
05.07.2010 - 09:17
Ronaldo: kapitanlıq əlimdən alındı və ata oldum
Dünyanın ən yaxşı futbolçusu olan Kriştianu Ronaldonun həyatında son günlərdə maraqlı hadisələr baş verib. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubunun 25 yaşlı hücumçusu şad və bəd xəbər alıb. Bəd xəbər odur ki, Ronaldonun DÇ-2010-un 1/8 finalında İspaniyaya məğlubiyyətdən (0:1) sonra onu çəkən telekameraya tüpürməsi ona kapitanlıq sarğısının əlindən alınması bahasına başa gəlib. Belə ağır cəzaya digər səbəb Kriştianunun yığmanın baş məşqçi Karlus Keyruşun ünvanına tənqidi fikirlər söyləməsi olub. Nəticədə Portuqaliya yığmasında yeni kapitan olacaq.

Şad xəbər isə Ronaldonun ilk övladının dünyaya gəlməsidir. Futbolçu internetdə bu haqda aləmə car çəksə də, ətraflı məlumatdan boyun qaçırıb: “Böyük sevincimi bölüşmək istəyirəm, oğlum olub. Adını çəkməyəcəyim uşağımın anası ilə razılaşmama görə övladıma himayədarlıq edə biləcəyəm. Xahiş edirəm, məndən başqa heç nə soruşmayın, şəxsi həyatımın toxunulmaz hüququna hörmət edin”.

Xəbərin doğru olmasını Ronaldonun ailəsinin yaxın rəfiqəsi, futbolçunun şəxsi işləri ilə məşğul olan xanım təsdiqləyib. 2008-ci ilə dünyanın ən yaxşı futbolçusu seçilən portuqaliyalının oğlunun ötən il yay tətilini keçirdiyi ABŞ-da dünyaya gəldiyi, ananın amerikalı olduğu ehtimal olunur. İndi Ronaldonun ailəsi uşağın Portuqaliyaya gətirilməsi üçün sənədlərin hazırlanması ilə məşğul olur.