Fransa yığmasında Anelka dəftəri qapandı
05.07.2010 - 09:52
Fransa yığmasında Anelka dəftəri qapandı
Futbol üzrə dünya çempionatında Meksikaya 0:2 hesablı məğlubiyyətdən sonra Fransa milli komandasından qovulan Nikolya Anelka bir daha yığmaya çağırılmayacaq. Lent.az-ın məlumatına görə, bu haqda Fransa Futbol Federasiyasının (FFF) sabiq prezidenti Jan-Pyer Eskalet açıqlama verib.

Dünya çempionatındakı uğursuzluqla əlaqədar tutduğu postu tərk edən Eskalet bildirib ki, nə FFF-in yeni prezidenti, nə də baş məşqçi Raymon Domenekin əvəzləyicisi Loran Blan mundialda baş verənləri unutmayacaq: “Onlar Anelkanın bir daha milli forma geyməsinə icazə verməyəcəklər”.

Qeyd edək ki, Nikolya Anelka Fransa – Meksika matçının fasiləsində Raymon Domenekin bildirdiyi iradlara cavab olaraq, baş məşqçini təhqir edib. Bu xəbər ertəsi gün Fransanın “L Equip” qəzetinə çıxıb. FFF rəhbərliyi isə Anelkanın yığmadan qovulmasına qərar verib. Hücumçunun komanda yoldaşları millinin növbəti məşqini boykot ediblər. Yaşanan xoşagəlməz olaylar yığmanın oyununa da təsirsiz ötüşməyib. Nəticədə 2006-cı il dünya çempionatının finalçısı cari mundialda bir qələbə belə qazanmadan turnirlə vidalaşıb.