“Everton”dan rəsmi açıqlama: Abdullayevlə müqavilə iki illikdir
05.07.2010 - 10:01
“Everton”dan rəsmi açıqlama: Abdullayevlə müqavilə iki illikdir
İngiltərənin “Everton” klubu Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin keçidini rəsmən təsdiqləyib. Apasport.az-ın məlumatına görə, Liverpul təmsilçisinin rəsmi saytında Bakının “Neftçi” komandasının 18 yaşlı yarımmüdafiəçisinin transferi barədə xəbər yer alıb.

Azərbaycan futbolunun ulduzu kimi qələmə verilən Arazın “Everton”a mümkün keçidi razılaşdırılıb və bu, yüksək qiymətləndirilir: “Azərbaycan futbolunun 18 yaşlı yetirməsi vətənində, Bakının “Neftçi” klubunda oynayır. Bu yaxınlarda Liverpula gələn Abdullayev uğurla tibbi müayinədən keçib və müqavilənin şərtlərini razılaşdırıb. Bu isə Araza Böyük Britaniyada işçi vizasını alacağı halda, iki illik anlaşma imzalamağa imkan verir. Yarımmüdafiəçi olan Abdullayevin beynəlxalq miqyasda debütü cəmi 16 yaşında olub. Ancaq onun ən yadda qalan qolu 21 yaşlılardan ibarət yığmasının heyətində martda Şotlandiyaya səfər oyununda vurduğu qol olub. O, Azərbaycanda ən parlaq oyunçulardan sayılır. İlk peşəkar oyunu 2008-ci ilin oktyabrın 5-də olub. Bundan 6 gün sonra Azərbaycan milli komandasında debüt edib”.