Kuarejmanın “Neftçi”yə qarşı oyunu hamını heyran qoyub
05.07.2010 - 10:20
Kuarejmanın “Neftçi”yə qarşı oyunu hamını heyran qoyub
Türkiyənin “Beşiktaş” klubunun yeni transferi Rikardo Kuarejmanın “Neftçi”yə qarşı oyunu böyük rəğbətlə qarşılanıb. Apasport.az saytının məlumatına görə, “Qara Qartallar”ın futbolçuları Avstriyadakı yoldaşlıq görüşündə ilk 45 dəqiqədə meydanda olan portuqaliyalı yarımmüdafiəçinin oyununa heyran qalıblar.

Həmin müddətdə həm sol, həm də sağ cinahda yer alan Kuarejmanın zaman-zaman etdiyi artistik hərəkətlərlə azarkeşləri coşdurması, tam forma yığdığı zaman komandaya böyük fayda verəcəyi qeyd olunub.

“Beşiktaş”ın kapitanı İbrahim Üzülməzin fikrincə, Rikardo Allah vergisi olan istedadlı futbolçudur. Hücumçu Nihat Kahveçi onunla oynamağın kef verəcəyini bildirib. Təcrübəli qapıçı Rüştü Rəcbər hələ “Barselona”dan bir yerdə oynadığı Kuarejmanı ustalıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, portuqaliyalı təkcə “Beşiktaş” tərəfdarlarını deyil, Türkiyədə hər kəsin sevgisini qazanacaq.

Türkiyə yığmasının da üzvü olan İbrahim Toraman isə Rikardodan belə oyun gözləmədiyini bildirib: “Türkiyəyə belə futbolçular transfer edilməlidir. Bu günə qədər adı duyulmamış legionerləri çiyinlərimizdə daşımışıq. Kuarejmanı görüncə, acı həqiqəti anladım”.