“Turan” “Lokomotiv”in futbolçusu ilə müqavilə imzalayacaq
05.07.2010 - 14:27
“Turan” “Lokomotiv”in futbolçusu ilə müqavilə imzalayacaq
“Məşqimizi gündə iki dəfə olmaqla davam etdiririk. Əsasən fiziki planda çalışmalara yer ayırmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.

Hazırlığın birinci mərhələsini Tovuzda reallaşdıracaq əyalət təmsilçisi gündəlik məşqlərlə yanaşı, heyətini də komplektləşdirməyə çalışır. Bir müddət əvvəl gürcüstanlı futbolçuları sınayan Alıyev onları bəyənməyərək, geri qaytarıb. Amma braziliyalı yarımmüdafiəçi baş məşqçinin rəğbətini qazanmaq üzrədir: “6 legioneri geri qaytardıq. Onların hazırlığı məni qane etmədi. Yalnız braziliyalı Marko Tuyibo klubun düşərgəsindədir. Texniki imkanlarına görə seçilən cənubi amerikalı fiziki planda axsayır. Ancaq məşqlərdə can yandırır. Böyük ehtimalla onunla müqavilə imzalayacağıq”.

Baş məşqçi Markodan başqa, daha bir əcnəbi oyunçunu sınayır. Tümen “Geoloq”unda çıxış edən nigeriyalı yarımmüdafiəçi barədə yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, “Turan”a keçidi gündəmdə olan 29 yaşlı Marko Tuyibo karyerası ərzində Macarıstanın “Debretsen”, Küveytin “Kazma”, Bolqarıstanın “Lokomotiv” klublarının formasını geyinib.