“Tez qol buraxsaq, özümüzə çətinlik yaradacağıq” - MÜSAHİBƏ
05.07.2010 - 15:53
“Tez qol buraxsaq, özümüzə çətinlik yaradacağıq” - MÜSAHİBƏ
Ağdamın “Qarabağ” klubunun futbolçusu Samir Abasovun apasport.az saytına müsahibəsi

- Zədəniz nə yerdədir? “Metallurq”la cavab oyununda meydana çıxa biləcəksinizmi?
- Hələ bilinmir. Böyük ehtimalla meydana çıxmayacağam. Zərurət yaransa, oynaya bilərəm. Yəni zədəm var. Ayağımda ağrılar davam edir. Buna baxmayaraq, komanda ilə birgə Makedoniyaya yollanacağam. Axşam bazada qalacağıq, sabah səhər saatlarında isə yola düşəcəyik. Nə bilim, birinci oyundakı kimi olsa, meydana çıxmalıyam.

- Müdafiədə ciddi problemlər yaranıb. Birinci oyunda qırmızı vərəqə ilə cəzalandırılan Admir Telidən başqa, son transfer Ansi Aqolli də zədəlidir. O, məşqdə əzələsini dartıb və onun Makedoniyaya aparılmayacağı bildirilir. Bu problem yaratmayacaq?
- Allaha yalvarıram ki, heç olmasa Maksim Medvedev zədəsini sağaldıb, oyunda iştirak etsin. Bildiyimə görə, Maksim son məşqə qatılıb. Onun oynamaq ehtimalı böyükdür. Belə götürəndə, itkilərimiz olduqca ciddidir. Müdafiədə 2 nəfər dəyişəcək. Gərək uşaqlar yaxşı oynasınlar və Aqolli ilə Telinin yoxluğunu hiss etdirməsinlər.

- Cavab oyunu haqda nə düşünürsünüz?
- Rəqib güclüdür. Bakıda çətin oyun oldu, səfərdə də çətin olacaq. Oyuna baxmayanlar deyirlər ki, zəif rəqib tapıb, 4 top vurmusunuz. Ancaq belə deyil. Xüsusilə də birinci hissədə çətin oldu. İndi cavab oyununa üstün çıxırıq. 3 top fərqi ilə irəlidəyik. Rəqibin itirəcəyi heç nə qalmayıb. Buna görə də onlar hücuma keçəcəklər. Gərək tez qol buraxmayaq. Tez qol buraxsaq, özümüzə çətinlik yaradacağıq. Çünki “Metallurq” zəif komanda deyil. Onların oyunu xoşuma gəldi. Hücum etməyi xoşlayan komandadır.

- Zədəniz nə vaxt tam sağalacaq?
- Türkiyədə olan vaxt həkim müayinəsindən keçdim. 3 həftə oynaya bilməyəcəyimi dedilər. Lakin mən məşqə tez başladım. Əsasən də dönəndə ayağımda güclü ağrılar hiss edirəm. Hələ vaxt lazımdır. Sözün düzü, zədə mənə pis təsir etdi. Komandama kömək etmək istəyirəm.

- Bəs komandada ab-hava necədir? Zədəlilərin çoxluğu oyunçulara necə təsir edib?
- Av-hava yaxşıdır. Sabah yola düşəcəyik. Uşaqlar da çətin olacağını bilir. Bayaq dediyim kimi, rəqib bütün qüvvə ilə irəli atılacaq. Onlar topla yaxşı və hücumda oynamağı xoşlayırlar. Buna baxmayaraq, biz uduzmağa getmirik. Öz oyunumuzu oynayacağıq. Çünki qarşıda daha çətin rəqiblərlə görüşəcəyik. Ona görə də buna hazır olmalıyıq.

- “Qarabağ”ın hücum xətti də istənilən qədər güclü deyil. Bu, qarşıdakı oyunlarda çətinlik yaratmayacaq?
- Birinci oyunda hücumda Rauf Əliyev oynayırdı. Meydanda çox işlədi. II hissədə meydana daxil olanda, onun yorulduğunu gördüm. Düzdür, hücumçunun əsas vəzifəsi qol vurmaqdır. Ancaq Rauf həmin gün bütün mübarizəni uddu, rəqib müdafiəsini yordu. Qol vurmağa gəldikdə, həm Əfran, həm də Adamiya hücumameyilli yarımmüdafiəçidir. Onların qol vurması problem deyil. İnşallah, Rauf da qol vurub bizi sevindirəcək.