Arif Əsədov: Əsas vəzifəmiz “Neftçi”nin baxımlı oyununu qaytarmaqdır
05.07.2010 - 17:37
Arif Əsədov: Əsas vəzifəmiz “Neftçi”nin baxımlı oyununu qaytarmaqdır
“Klub rəhbərliyi tərəfindən qarşımıza qoyulan əsas vəzifə "Neftçi"nin baxımlı oyununu qaytarmaqdır. Məşqçi heyəti olaraq, məhz bunun üzərində çalışırıq. "Beşiktaş"la görüş göstərdi ki, biz doğru yoldayıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Avstriyada hazırlıq keçən flaqman ilk yoxlama oyununda Türkiyənin “Beşiktaş” klubu 1:1 hesablı heç-heçə etdi. Əsədov bir çox çatışmazlıqların mövcudluğunu gizlətmir: “Avstriyadakı toplanışa yeni başladığımızı nəzərə alsaq, bu, başa düşüləndir. Türkiyə komandası ilə oyunda heyətimizdə olan təcrübəli və gənc futbolçular adlı-sanlı rəqibə qarşı çəkinməyərək, səylə mübarizə apardılar. Onlara verdiyimiz tapşırığı yerinə yetirdilər. Avstriyada Avropanın tanınmış klubları toplanış keçir. Yığma komandamızda hazırlığını bu ölkədə davam etdirirdi. Məhz həmin vaxtda yığmanın oyununu izləməyə gəldiyimizdə buradakı ideal şəraitlə tanış olmaq imkanımız oldu. Klub rəhbərliyi tərəfindən komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün ideal şərait yaradılıb. Bu təlim-məşq toplanışında biz güclü klublarla hazırlıq görüşləri oynamağa üstünlük veririk. Məşq etdiyimiz stadionun vəziyyəti isə əladır”.

“Neftçi” növbəti yoxlama oyununu sabah Rumıniyanın “Otselul” klubu ilə keçirəcək. Baş məşqçi bu görüşdə də gənc futbolçuları meydana buraxmaq fikrindədir: "Neftçi"nin heyətində hər zaman perspektivli gənc futbolçular yetişib. Ötən mövsümün son turlarında əsas heyətdə gənclərə yer verərək həyata keçirdiyimiz siyasəti davam etdiririk. Növbəti oyunda da belə olacaq, komandamızın gələcəyi gənclərdir. Sərt futbola üstünlük verən rumın komandasını seçməkdə məqsəd belə rəqiblərlə görüşdə də futbolçularımızın nəyə qadir olduğunu yoxlamaqdır”.