Paraqvay! Braziliyavay! Argentinavay!
06.07.2010 - 10:34
Paraqvay! Braziliyavay! Argentinavay!
Çoban bilir ki, qarşısındakı qoyun sürüsüdü. Amma qoyun sürüsünün çoban adlı varlıqdan xəbəri də yoxdu!

İş bundadı ki, 1/4-də Hollandiyaya məğlub olan Braziliya yığması qoyun sürüsü deyildi, canavar dəstəsiydi. Bu dəstə əvvəlcə rəqiblərini yox, başında duran çobanı parçalamalıydı. Dunqa Braziliya futbolunu məhv elədi. Biz əvvəllər “pentakampeonlar”ın ifasında şouya baxırdıq. İndi müdafiə futbolu adlı sönük tamaşa göstərilir.

Ötənlərin məşhur holland futbolçusu Yohan Kroyff “Bugünkü Braziliyanın oyununa baxmaq üçün pul xərcləməyə dəyməz” - deyib. Onda hələ Braziliya - Hollandiya görüşü keçirilməmişdi. Peşəkarın dediyi düz çıxdı. Dunqadı günahkar! O, yaşıl meydana atılmış yad cisim kimidi! Bakı-Sumqayıt yolunda tıxaca düşən jurnalist Firuz Novruzov zəng vurub hesabı soruşur. Braziliya uduzur – deyirəm. “Cəhənnəmə uduzsun! Ölkənin filan qədəri Hollandiyada qul işləyir, ağalarını udmayacaqlar ki?!”

Balkondan həyətə baxıram: Nağı, İlham, Sabir, Rafiq kişi, Namiq müəllim nərd çempionatı keçirir. Braziliyaya nəinki biletlə, müftə də baxan yoxdu. Növbəti Uruqvay-Qana oyunu başqa məsələ! Qananın bəxti gətirmədi, vəssalam! Penaltini vura bilməyən Asamoa Qyanın göz yaşları mənim üzümdən axır. Səhər tezdən dostum Rəşad Məcid zəng elədi ki, Uruqvayın oyunundan yaz. Dedim, yaxşı. Axşam qulağımda yenə onun səsidi: “Uruqvaydan yazımı oxu”. Adı maraqlıdı: “Dəlicəsinə”. Rəşad bu yazıda sevginin yox, məhz istəyin varlığına iman gətirib. Dəlicəsinə istəyin. Dəlicəsinə varlığına. Şeir kimi yazıb! Amma mahnı mətninə daha çox oxşayır.

Həyat suyunu dəlicəsinə axtarsaq, taparıq. Futbolu dəlicəsinə oynasaq, bizi də mundiala buraxarlar! Uruqvay qələbəni dəlicəsinə arzuladığı kimi. Rəşad Məcid düz deyir, əslində. Amma mənim üzümdə Asamoa Qyanın göz yaşı var. Dəlicəsinə-zad yox ha, ağıllı-başlı göz yaşıdı. Üstündə də Qyanın ağladığı dildə adı yazılıb.

Argentina-Almaniya 1/4-də rastlaşdı. Yox, üz-üzə gəldilər. Argentina Almaniyanın üzünə baxa bilmədi. Xəcalətindən dörd dəfə başını aşağı saldı. Maradona demişdi: “Argentina finalda qalib gəlsə, lüt soyunacam!” Almaniya dahi futbolçunu gözləməyə qoymadı. Maradonanın şalvarını 1/4-dəcə çıxardı. İndən sonra onun əyninə heç bir məşqçi şalvarı gəlməyəcək.

Paraqvay çox gözəl oynadı. Valdesin vurduğu topu mən hesaba alıram, hakimlər özləri bilərlər. Paraqvay İspaniyaya 1:1 hesabıyla uduzdu.

İndi yarımfinalda bir Cənubi Amerika təmsilçisi və üç Avropa yığması qitələrinin şərəfini qoruyacaq. Yarımfinala adlamış Uruqvaya Uruqvay deməyə adamın dili gəlmir. Amma Paraqvay, Braziliyavay, Argentinavay adları milyonlarla azarkeşini yasa batırmış bu ölkələrə olmayan kimi yaraşır...

Qulu AĞSƏS