“Toni Adamsla yerli məşqçilər arasında fərq məşqlərdə hiss olunur”
07.07.2010 - 11:52
“Toni Adamsla yerli məşqçilər arasında fərq məşqlərdə hiss olunur”
“Komandada ab-hava yaxşıdır. Həm fiziki, həm də texniki-taktiki plan üzərində hazırlıq keçirik. Baş məşqçimiz Toni Adams bizdən rahat olmamızı istəyir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun yeni transferi Asəf Qədiri deyib.

Artıq 1 həftədir komanda ilə birgə məşq edən 26 yaşlı dayaq yarımmüdafiəçi Toni Adamsın yerli məşqçilərdən fərqləndiyini söyləyib: “Avropa təcrübəsi olan insandır. Futbolçularla neçə rəftar etməli olduğunu çox yaxşı bilir. Düzdür, futbolçularla fərdi söhbət etməsə də, klubdaxili iclaslarda bizdən nə tələb etdiyini deyir. Adams ilə yerli məşqçilər arasında fərq məşqlərdə də hiss olunur. Hamıdan peşəkar olmağı və məşqlərə can yandırmağımızı istəyir. Havaların isti keçməsi də planlarımıza təsir etmir. Hamımız bir nəfər kimi növbəti mövsümün hazırlaşırıq”.

Qədiri bildirib ki, heyətə yeni qoşulmuş legionerlər artıq komandaya uyğunlaşıb: “Hamımız peşəkarıq. İstər-istəməz heyətə tam uyğunlaşmaq üçün 1-2 gün müəyyən çətinliklər olur. Artıq 6 gündür birlikdəyik və bir-birimizə tam uyğunlaşmışıq”.