Qurban Qurbanov: 4:1 hesablı qələbə qazansaq da, meydana rahat çıxmayacağıq
07.07.2010 - 15:28
Qurban Qurbanov: 4:1 hesablı qələbə qazansaq da, meydana rahat çıxmayacağıq
“4:1 hesabı heç də futbolçularımızın meydana rahat çıxacağının göstəricisi deyil. Rəqibi qiymətləndiririk və güclü olduğunu düşünürük”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Skopyedə “Metallurq” klubunun qonağı olacaq. Görüş öncəsi bu gün təşkil olunan mətbuat konfransında Qurbanov müdafiə xəttində yaranan problemə toxunub: “Müdafiədəki zədəli və cəzalı futbolçuların yerini digərləri dolduracaq”. Gənc çalışdırıcı, həmçinin Maksim Medvedevin sabahkı oyuna start heyətində çıxacağını da söyləyib.

Komandanın kapitanı Aslan Kərimov isə qeyd edib ki, ilk oyunun 4:1 hesabı ilə nəticələnməsinə baxmayaraq, cavab görüşü heç də asan olmayacaq: “Oyunun həddən artıq çətin keçəcəyini düşünürəm. Amma 90 dəqiqənin sonunda mərhələ keçən komanda “Qarabağ” olacaq”.

“Qarabağ”ın digər müdafiəçisi Maksim Medvedev də kapitana dəstək olub: “Rəqibin ilk dəqiqədən önə atılacağını bilirik. Bu səbəbdən güclü müdafiə olunub, sürətli hücumlarla qol vurmaq və qələbə qazanmaq istəyirik”.