Rubin “Qarabağ”a keçməsi barədə xəbərləri təkzib etdi
07.07.2010 - 17:18
Rubin “Qarabağ”a keçməsi barədə xəbərləri təkzib etdi
“Qarabağ”a keçidim hələ rəsmiləşməyib. Komanda Avroliqanın I təsnifat mərhələsində “Metallurq”la cavab görüşünü keçirmək üçün Makedoniyaya yollanıb. Hazırda klub rəhbərliyi Bakıda yoxdursa, necə və kiminlə müqavilə bağlaya bilərəm?” Bu fikirləri apasport.az saytına açıqlamasında Latviya yığmasının futbolçusu Andrey Rubin deyib.

Son iki ildə şərəfini qoruduğu Bakının “İnter” klubundan ayrılan sol cinah yarımmüdafiəçi “Qarabağ”la müqavilə bağladığı barədə yayılan xəbərləri təkzib edib. O, bildirib ki, müqaviləsinin iki il müddətinə olacağı haqda indidən fikir söyləməkdə çətinlik çəkir: “Ümumiyyətlə, müqavilənin müddəti danışıqların gedişində müəyyənləşəcək. Hələlik “Qarabağ”ın futbolçusu deyiləm. Məsələnin həllini gözləyirəm. “İnter”in prezidenti Georgi Nikolov bu gün Bolqarıstandan qayıdır. İnanıram ki, yekun danışıqlar müsbət nəticə verəcək və başqa kluba keçidimdə problem yaranmayacaq. Bunun üçün “İnter”ə təzminat ödəniləcəyini deyə bilmərəm. Bu, mənə aid məsələ deyil. Həmin işlərlə menecerim məşğul olur”.

Rubin bildirib ki, “Qarabağ” rəhbərliyi ilə də danışıb: “Onlar tam sərbəst futbolçu olandan sonra mənimlə müqavilə bağlamaq fikrindədirlər. Çox istərdim ki, tezliklə bu komandaya keçib, Avroliqanın II təsnifat mərhələsində çıxış edim”.

Mehman SÜLEYMANOV