Azərbaycan yığması Duysburqda 8-ci yeri tutdu
07.07.2010 - 23:09
Azərbaycan yığması Duysburqda 8-ci yeri tutdu
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Almaniyada keçirilən turnirdəki çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, Duysburq şəhərində 22 komandanın iştirak etdiyi turnir Təbriz Həsənovun yetirmələrinin məğlubiyyəti ilə başa çatıb. Futbolçularımız Mittelreyn yığması ilə qarşılaşmada 0:1 hesabı ilə uduzub.

Yarışa ardıcıl 2 qələbə ilə başlayan millimiz son iki görüşdə eyni hesabla uduzduqdan sonra turnir cədvəlində 8-ci pilləyə enib. Turnirin qalibi isə Vestfalen yığması olub. Onlar yalnız top fərqində ikinci olan Mittelreyni qabaqlayıb. Komandamızı III turda məğlub edən Nidersahen isə Vestfalenə uduzmaqla, zirvəni III yerə dəyişib.

Bu isə o deməkdir ki, komandamız turnirdə yalnız II və III yerin sahiblərinə uduzub.