Naci Şensoy: “Bakı” ilə müqavilə bağlayırdıq ki, məsələyə Berti Foqts qarışdı
08.07.2010 - 11:37
Naci Şensoy: “Bakı” ilə müqavilə bağlayırdıq ki, məsələyə Berti Foqts qarışdı
“Bakı” klubunun təklifi və məqsədi məni tam qane edirdi. Artıq biz müqavilə bağlamağa hazırlaşdığımız vaxt məsələyə Berti Foqts qarışdı. Azərbaycan yığmasının baş məşqçisi həmyerlisinin tərəfini saxladı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy Bolqarıstan mətbuatına açıqlamasında deyib.

Ötən mövsümün sonuna yaxın Plovdivin “Lokomotiv” klubundan ayrılandan sonra işsiz qalan türkiyəli mütəxəssis “Bakı” variantının olduğunu bildirib. Şensoyun sözlərinə görə, son ölkə kubokunun qalibi təcrübəli almaniyalı mütəxəssis Vinfred Şaferə qədər onunla danışıqlar aparırmış. Ancaq bu variant sonda baş tutmayıb: “Yenidən “Turan”a rəhbərlik etmək variantım da var idi. Ancaq özüm bu təklifdən imtina etdim. Həmin variant indiyə kimi aktualdır. Biz razılaşmışıq ki, bu günlərdə onlara son cavab verəcəyik. Ancaq yəqin ki, bu təklifdən imtina edəcəyəm. Mən elə məşqçi deyiləm ki, turnir cədvəlinin ortalarında yerlə qane olum”.

Qeyd edək ki, Sakit Alıyevi baş məşqçi postuna qaytaran “Turan” Şensoyla iki müxtəlif vaxtda əməkdaşlıq edib.