“Neftçi”nin heyəti Türkiyədə bəlli olacaq
09.07.2010 - 09:36
“Neftçi”nin heyəti Türkiyədə bəlli olacaq
“Bu toplanışda əsas məqsədimiz heyətdəki futbolçuların nəyə qadir olduqlarını yoxlamaqdır. Bunun üçün məhz güclü komandalarla qüvvəmizi sınamağı qərara almışıq. "Beşiktaş" və "Otselul"dan sonra daha bir güclü kollektivlə - Rumıniyanın "Universitatea Kluj" klubu ilə oynayacağıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

İyulun 1-dən Avstriyada təlim-məşq toplanışında olan paytaxt təmsilçisi bu gün növbəti yoxlama matçına çıxacaq. Əsədov klubun saytına bildirib ki, belə güclü rəqiblərlə oynamağı özü istəyib: “Gənc futbolçularımızın təcrübə qazanması baxımından, adlı-sanlı futbolçulara qarşı necə mübarizə aparmasını öyrənməsi çox vacib amildir. Artıq Avstriya toplanışından sonra ikinci təlim-məşq üçün yollanacağımız Türkiyədə heyətdə hansı futbolçuların yer alacağı məlum olacaq. Yəni, hazırkı toplanışdan çox şey asılıdır. Burada yoxlama görüşlərində özünü göstərmək üçün bütün futbolçulara şans verilir”.