“Bakı”nın sabiq futbolçusu ən azı 2 ay həbsdə qalacaq - FOTO
09.07.2010 - 10:01
“Bakı”nın sabiq futbolçusu ən azı 2 ay həbsdə qalacaq - FOTO
Tiflis şəhər məhkəməsi məşhur gürcüstanlı futbolçu Georgi Demetradzeyə iki aylıq ilkin həbs cəzası kəsib. Lent.az-ın “Pirveli” agentliyinə istinadən verdiyi məlumata görə, hakim Demetradzenin vəkilinin 34 yaşlı hücumçunu azadlığa buraxmaq haqda vəsatətini təmin etməyib.

Futbolçu ilə birgə saxlanılan David Qaqnidze və Kaxa Misirelinin aqibəti haqda hələlik məlumat verilmir.

Gerogi Demetradze, David Qaqnidze və Kaxa Misireli oğru ənənələrinə bağlılıqları ilə əlaqədar həbs olunublar. Cinayət işində sabiq “qanuni oğru”, hazırda Ukraynada yaşayan Vato Kipiani də iştirak edib. Tutulan şəxslər David Peikrişvili adlı şəxsdən 140 min dollar udublar. Uduzandan pul qoparmaq üçün onlar Ukraynada yaşayan qanuni oğru Vato Kipianiyə müraciət ediblər. Kipiani də Gürcüstandakı bəzi şəxslərlə əlaqə quraraq, qurbandan pulu qoparıb və bir hissəsini oğru “obşak”ına qoyublar. Faktla bağlı cinayət işi qaldırılıb. Məhkəmədə günahı sübuta yetiriləcəyi halda Demetradzeni 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Georgi Demetradze son 10 ildə Gürcüstanın aparıcı klublarında, eləcə də “Feyenord” (Hollandiya), “Alaniya”, “Lokomotiv” (Rusiya), “Dinamo” Kiyev, “Metallurq” Donetsk, “Arsenal” (Ukrayna), “Real-Sosyedad” (İspaniya), “Makkabi” Təl-Əviv (İsrail) klublarında da forma geyinib. 2008-ci ilin sentyabrında “Bakı” ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard cəmi bir mövsüm sonra komandanı tərk edib. Bundan sonra 34 yaşlı Demetradze həbs olunanadək Tsxinvalinin “Spartak” komandasında oynayıb.