“Portadaun” futbol tariximizə düşdü
09.07.2010 - 11:23
“Portadaun” futbol tariximizə düşdü
“Qarabağ”ın Avroliqada növbəti rəqibi olan Şimali İrlandiyanın “Portadaun” klubu Azərbaycan futbol tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, komandalarımız 1994-cü ildən çıxış etdikləri avrokuboklarda heç vaxt bu ölkənin təmsilçisi ilə görüşməyib.

Bu mənada ilk olan “Portadaun”u ağdamlıların ilk mərhələdə mübarizədən kənarlaşdırdığı Makedoniyanın “Metallurq” klubundan daha təcrübəli saymaq olar. Ən azı ona görə ki, Portadaun şəhərinin eyniadlı təmsilçisi avrokuboklarda debüt mövsümünü keçirmir. 1924-cü ildən yaradılan komandanın tarixi 1888-ci illərə gedib çıxır. “Portadaun” ötən əsrin sonlarından ölkəsinin ən güclülərindən olub. Belə ki, komanda həmin vaxt 4 dəfə (1989/90, 1990/91, 1995/96, 2001/02) çempionluq, üç dəfə (1990/91, 1998/99 2004/05) ölkə kubokunu qazanıb. İki dəfə - 1995/96 və 2008/09 mövsümündə ölkənin liqa kubokunun da qalibi olub.

2008-ci ildə Şimali İrlandiya futbolunda baş verən islahatlar nəticəsində köhnə liqaların əvəzinə “Premyerşhip” və “Çhampionship” yaradıldı. Ancaq “Portadaun” 2008/09 mövsümündə “Premyership”ə iştirak ərizəsini gecikdirdiyi üçün gücünə görə II divizionda – “Championship”də mübarizə apardı. Ötən mövsüm çempionatında 5-ci olan “Qarabağ”ın rəqibini Roy Makfol çalışdırır. Komanda ev oyunlarını 15 min azarkeş tutumuna malik “Şamrok Park” stadionunda keçirir.

Əslində, 1996-cı ildən avrokuboklarda oynayan “Qarabağ” da ilk dəfə Böyük Britaniya təmsilçisi ilə görüşəcək. Şimali İrlandiya ilə yollarımız yalnız bir dəfə kəsişib ki, onda da yığmamız bu ölkənin millisi ilə DÇ-2006-nin seçmə mərhələsində bir qrupa düşmüşdü. Braziliyalı baş məşqçi Karlos Alberto Torres millimizlə ilk xalını məhz Şimali İrlandiya yığması ilə Bakıda rəsmi oyunda qazanıb – 0:0. Bir il sonra səfər oyununda isə artıq yığmamızın sükanı arxasında onu əvəzləyən Vaqif Sadıqov idi. Şimali İrlandiyada keçirilən görüş 0:2 hesablı məğlubiyyətimizlə nəticələnib.

Qeyd edək ki, “Portadaun” I mərhələdə Latviyanın “Skonto” ilə evdə heç-heçə etmiş (1:1), səfərdə qazandığı qələbə hesabına (1:0) mərhələ keçib.